Modern.az

Xahiş edirəm, oğlumu əsirlikdən xilas edin – Hüseynin evindən FOTOLAR

Xahiş edirəm, oğlumu əsirlikdən xilas edin – Hüseynin evindən FOTOLAR

Reportaj

13 Aprel 2023, 20:43

Bir neçə gün əvvəl Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov əsir götürülüb. O, ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb. Qeyri-insani rəftarla üzləşən hərbçimizin görüntüləri ölkə ictimaiyyətinin hiddətinə səbəb olub.

 

Modern.az-ın əməkdaşı Hüseynin Bakının Mehdiabad qəsəbəsində yaşadığı evə gedərək, onun anasına baş çəkib.

 

 

Övladı əsir düşən Şəlalə Axundova çarəsiz durumda olduğunu deyib. O, Hüseynin tez bir zamanda əsirlikdən xilas olması üçün Allaha dua etdiyini söyləyib:

 

“Bilmirəm, balamın vəziyyəti necədir, haradadır. Mən oğlumu istəyirəm. Onun videosunu görəndən sonra özümə gələ bilmirəm. Ürəyim partlayır ki, oğlum düşmən əlində əsarətdədir. Allaha yalvarıram ki, Hüseyn də, Aqşin də bu qapıdan içəri keçsin, onlara sarılım. Ölkə rəhbərliyindən xahiş edirəm, balamı mənə qaytarsınlar. İnanıram ki, cənab prezident bizi tək qoymayacaq, səsimizi eşidəcək. Mən Hüseynsiz yaşaya bilmərəm, övladımı istəyirəm, başqa istəyim yoxdur. Ana üçün övladının əsir düşməsi ölümə bərabərdir, yaşadığımız hisləri heç bir sözlə ifadə edə bilmərəm”.

 

Göz yaşları içində söhbətə davam edən Şəlalə Axundova Hüseynin zəhmətkeş insan olduğunu söyləyib:

 

“Mən xəstəyəm, işləyə bilmirəm. Balam zülmlə işləyib mənə baxırdı. Heç vaxt ağlıma gəlməzdi ki, Hüseyn düşmənə əsir düşsün. Hələ də bilmirəm ki, bu nə işdir, bizim başımıza gəlib. Xahiş edirəm, balamı xilas edin. Oğlum düşmən əlində qalmasın.  Elə qorxmaz oğulun məhv olmasına icazə verməyin”.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Bu gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı