Dünən Bakı hava limanında saxlanılaraq barəsində iki ay müddətinə həbs qəti-imkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin işindən apellyasiya şikayəti veriləcək. Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.
Vəkilin sözlərinə görə, A.Muradverdiyevə qarşı irəli sürülən ittiham əsassızdır.
“2005-ci ilin oktyabarında “Azpetrol” Şirkətlər qrupunun rəhbəri Rafiq Əliyev də oxşar şəkildə Bakı hava limanında saxlanıldı. Sadəcə fərq ondadır ki, Rafiq Əliyevin üstündən guya 30 min ABŞ dolları çıxarmışdılar. Akif müəllimin üstündən isə guya çar Rusiyasının qızıl sikkələrini tapıblar.
Bu işlə bağlı apellyasiya şikayəti də verəcəyik. Sual olunur ki, əgər söhbət qaçaqmalçılıqdan gedirsə, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının orada nə işi vardı? Bu, bilavastiə gömrüklə bağlı olan məsələdir”-deyə vəkil bildirib.
F.Ağayev həmçinin A.Muradverdiyevlə bu gün görüşəcəyini də qeyd edib. “Təbii ki, Akif müəllimlə görüşəcəm. Çalışacam ki, görüş bu gün baş tutsun”.
Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev ötən gün Hava limanında saxlanılıb. A.Muradverdiyev 18 min manat dəyərində qızıl 10-luqları qanunsuz olaraq ölkədən çıxarmaqda ittiham edilib. Ötən axşam Səbail rayon Məhkəməsində Akif Muradverdiyev barəsində istintaq hərəkətlərinin aparılması üçün 2 aylıq həbs qərarı çıxarılıb. A.Muradverdiyev Cinayət Məcəlləsinin 206.1 maddəsi (qaçaqmalçılıq) üzrə ittiham olunur.
Onu Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlayırlar.
Anar RÜSTƏMOV