Son vaxtlar Rusiya mətbuatında Moskvadakı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) ilə bağlı geniş müsahibələr, açıqlamalar verilir, silsilə materiallar dərc olunur. Bir sözlə, “AzerRos” Rusiya mətbuatının gündəmində yer tutmağa başlayıb. Eləcə də “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun verdiyi müsahibələr, açıqlamalar da geniş rezonans doğurur. Təşkilatın son dönəmdə populyarlaşması bu ölkədədi digər iri diaspor qurumu olan Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini kölgədə qoyub. Diaspor işində UAK-ın fəallığı o qədər də görünmür.
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya şöbəsinin müdiri Elşad Miraləm isə
Modern.az-a açıqlamasında bu fikirlə heç də razı olmadığını bildirib.
“Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasının müxtəlif regionlarında, haradakı onun regional təşkilatları fəaliyyət göstərir, orada daim tədbirlər keçirir”.
E.Miraləm vurğulayıb ki, Ümumrusiya Azərbaycanlılar Konqresi həm azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi sahəsində, həm Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı davamlı olaraq Rusiya Federasiyasının müxtəlif regionlarında işini davam etdirir.
“Konqres əvvəlki kimi fəaliyyətini davam etdirir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları ilə işləyən bir dövlət orqanı kimi biz sadəcə onu deyə bilərik ki, Ümumrusiya Azərbaycanlıları Konqresi əvvəllər olduğu kimi, indi də fəaldır və hesab edirik ki, bu fəallıq getdikcə daha da artacaq”.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyevdir.
Aytən ƏLİYEVA