Polşa yerli kənd təsərrüfatı sektorunu qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını qadağan etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Polşanın hakim Qanun və Ədalət partiyasının sədri Yaroslav Kaçinski məlumat verib.
Siyasətçi vurğulayıb ki, Polşa Ukraynanın daimi dostu və müttəfiqi olaraq qalır, onu hərtərəfli dəstəkləməyə davam edəcək, lakin hər bir dövlətin rəhbərliyinin vəzifəsi ilk növbədə öz vətəndaşlarının maraqlarını qorumaqdır.
Kaçinski bildirib ki, Polşa Ukraynanın ərzaq məhsullarının idxalına qadağa qoyulması ilə bağlı Kiyevə artıq məlumat verib.
"Ukrinform" agentliyinin verdiyi məlumata görə, Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bildirib ki, Ukraynadan Polşaya hər ay 500 mindən 700 min tona qədər müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl, yağ, şəkər, yumurta, ət və digər məhsullar ixrac edilir.
Nazir qeyd edib ki, bu məhsulların əhəmiyyətli hissəsi digər ölkələrə tranzit edilir.