
Modern.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edən deputat Siyavuş Novruzov Avropa Parlamentinin REAL hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnaməsinə münasibət bildirib.
“Orada oturanların heç biri İlqar Məmmədovu tanımır, onlara donos verən 52 QHT-nin heç birinin adı çəkilmir. Çünki onların heç biri fəaliyyət göstərmir, hərəsi öz kompüterində özünə QHT yaradıb və kimlərinsə tapşırıqlarını yerinə yetirməklə məşğuldur. İlqar Məmmədov prezidentliyə namizəddir, amma heç bələdiyyə sədri belə, seçilə bilməz, parlament seçkilərində heç 500 imza da toplaya bilməyib. Onun prezidentliyə real namizəd kimi qələmə verilməsi böhtandır. “Freedom House” və Avropa Parlamenti eyni qələmdən çıxıb. 20 ildən artıqdır müsavatçıların hüququnu müdafiə edən Novella Cəfəroğlu bir dəfə “Freedom House” təşkilatının bəyanatını pislədi. Dərhal onu partiyadan çıxartmaq istədilər. Bəs hardadır söz azadlığı?”.
O, istintaqı gedən, barəsində məhkəmə hökmü olmayan bir şəxs barədə belə qətnamə çıxarılmasını qərəzli qərar adlandırıb.
S.Novruzov qeyd edib ki, müxalifətin mitinq keçirmək üçün sosial bazası yoxdur.
Modern.az