İran məhkəməsi Ukraynaya məxsus mülki təyyarənin vurulmasına görə 10 hərbçi haqqında həbs qərarı çıxarıb.
Modern.az xəbər verir ki, bu barədə İranın "Mizan" agentliyi məlumat yayıb.
Bildirilir ki, təyyarəni vuran "Tor-M1" hava hücumundan müdafiə sistemini idarə edən hərbçilərin komandiri 13 il həbsə məhkum edilib.
İş üzrə ikinci və üçüncü dərəcəli müttəhim kimi mühakimə olunan müxtəlif rütbəli 9 hərbçiyə isə 1 ildən 3 ilə qədər həbs verilib.
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də səhər saatlarında Tehran Beynəlxalq İmam Xomeyni hava limanından havaya qalxan Ukrayna Hava Yollarına məxsus 752 nömrəli sərnişin təyyarəsi vurulub və təyyarədə olan 176 nəfərin hamısı ölüb.