Modern.az

Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva

Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva

Aktual

17 Aprel 2023, 08:54

Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100, əbədiyyətə qovuşmasının 38-cı ildönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.

 

Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.

 

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.

 

Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi idi. Əziz Əliyevin ömür yoluna nəzər salsaq görərik ki, Zərifə xanım necə mürəkkəb bir dövrdə həyata qədəm qoyub. Ailənin yaşadığı bütün çətinliklər onun təbiətində öz əksini tapmış və ona bu anlarda iradəli olmağı öyrətmişdir.

 

Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, bənzəri olmayan işıqlı bir şəxsiyyət idi.Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, sadiq dostu, sonralar həyatında böyük rol oynamış, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev kimi şəxsiyyətlər vardı.

 

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

 

Zərifə Əliyeva həm də icitmai fəaliyyətlə məşğul olmuşdur. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. İctimai sferadakı fəallığının daha bir nümunəsi kimi Zərifə Əliyeva ötən əsrin 70-ci illərində respublikamızda qadın hərəkatının liderlərindən biri kimi diqqət çəkmişdir. Zərifə Əliyeva ictimai sferadakı uğurlarına respublikanın birinci şəxsinin həyat yoldaşı olduğuna görə nail olmamışdı. O, yüksək statuslara özünün elmi fəaliyyəti, zəngin mənəviyyatı ilə sahib olmuşdu. Alimlərin, yaradıcı insanların dostu olmaqla yanaşı, Zərifə Əliyeva öz xeyirxah əməlləri ilə həm də sıravi vətəndaşların himayədarı idi və bu gerçəklik heç vaxt diqqətdən qaçmayıb.

 

Akademik Zərifə Əliyevanın tariximizdəki möhtəşəm izlərindən ən alisi məhz müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin ən böyük çiyindaşı, ilham mənbəyi olmasıdır. 1969-cu ildə Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi Zərifə Əliyevanın da həyatında yeni mərhələnin başlanması idi. Əlbəttə, ölkə rəhbərinin xanımı olmaq mühüm sosial status, eyni zamanda böyük məsuliyyət idi. Bu baxımdan böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı kimi Zərifə xanım bu məsuliyyətin də öhdəsindən layiqincə gəlmişdir. Zərifə Əliyeva haqqında xatirələri oxuyanda, foto və videoxronikaları izləyəndə görürük ki, o, heç vaxt xüsusi seçilməyə, fərqlənməyə çalışmamış, müxtəlif imtiyazlar qazanmaqdan uzaq olmuş, təvazökarlığını və sadəliyini qoruyub saxlamışdır.  Bütün bunlar onun zəngin mənəvi dünyasının təcəssümüdür.

 

Hazırda akademik Zərifə Əliyeva nəinki öz həmkarları, ümumiyyətlə Azərbaycan ictimaiyyəti tərəfindən görkəmli oftalmoloq, nəcib Azərbaycan xanımı olaraq hörmətlə xatırlanır. Onun anadan olmasının 100 illiyi ölkəmizdə yükəsk səviyyədə qeyd olunur. Yeri gəlmişkən, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixində Sərəncam imzalanıb. Sərəncamda da qeyd olunduğu kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Bu sənədə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir.

 

Artıq Azərbaycanın elm və təhsil müəssisələrində, səhiyyə sistemində akademik Zərifə Əliyeva yubileyi münasibəti ilə müxtəlif səpkili tədbirlər keçirilir.

 

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər