Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə çıxarılan bir neçə sənəd təsdiq edilib.
Modern.az xəbər verir ki, parlamentin növbədənkənar iclasında "Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında" qanuna dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, vizaların alınması üçün dövlət rüsumunun ödənilməsi üçün qəbz ləğv olunub. Bunun əvəzində vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər.
Daha sonra “İcra haqqında” qanuna dəyişiklik edilib. İndiyə qədər icra sənədinin məhkəməyə və digər orqana qaytarılması, avans ödənməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanaraq təsdiq olunurdu. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərdilər. Dəyişikliklə müddət 10 gündən 30 günə qaldırılıb.
Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında həmçinin "Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında" əsasnamə təsdiq edilib.
Modern.az