Ötən gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Milli komandamız bu nəticələrlə 150 xal toplayaraq Avropa çempionu tituluna sahib olub.
Güləşçilərimizdən ikisi - Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu adına sahib olaraq, bayrağımızı ən yüksək pilləyə qaldırıb.
H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Hacı bu nəticə ilə Azərbaycanın güləş tarixinə düşüb. Belə ki, o, yeganə dördqat Avropa çempionu, üçqat dünya çempionu olan Azərbaycan güləşçisidir.
Çempionluq təəssüratlarını Modern.az-la bölüşən tanınmış güləşçi Hacı Əliyev tarix yazdığını və buna görə sevincli olduğunu bildirib:
"Qələbə məni çox sevindirdi, çünki tarix yazdım. Azərbaycanın güləş tarixində ilk dəfə olaraq 4 qat Avropa çempionu olan güləşçiyəm. Allaha şükürlər olsun ki, mənə qələbələr nəsib edir. Qazandığım bütün qələbələr Azərbaycan xalqının qələbəsidir. Tarix yazaraq yolumuza davam edirik. Məni təbrik edən hər kəsə təşəkkürlərimi bildirirəm. Hələ uğurlarımız qarşıdadır".
Hacı Əliyev dördqat Avropa çempionu olsa belə, mübarizəni dayandırmayacağını, yeni hədəflərə doğru irəliləyəcəyini vurğulayıb:
"Yeni medallar yeni hədəflər deməkdir. Əlbəttə, bundan sonra da hədəflərim var. Əsas hədəfim bu il Dünya çempionu olmaq, yaxud medal qazanıb Olimpiya oyunlarına vəsiqə qazanmaqdır. İnşallah, hədəfimə çatmaq üçün var gücümlə çalışacağam. Paris olimpiadası mənim üçün son şansdır. Olimpiya qızılını qazanıb, karyeramı başa vurmağı düşünürəm".