İsveçrə Rusiyanın "Vaqner" özəl hərbi şirkətinə və Federal Xəbər Agentliyinə (RİA FAN) qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat yer alıb.
“Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə fəal iştirakına görə "Vaqner"ə və RİA FAN-a qarşı sanksiyalar tətbiq edib. İsveçrə də bu iki təşkilata qarşı sanksiyalar tətbiq edir və bununla da Avropa İttifaqı tədbirlərinin təsirini artırır”, - rəsmi açıqlamada deyilir.
Məlumata görə, sanksiyalar bu gün, aprelin 20-dən yerli vaxtla saat 18:00-da qüvvəyə minəcək.
İsveçrə hökuməti qeyd edib ki, bundan əvvəl Aİ "RT Arabic" və "Sputnik Arabic" telekanallarının yayımını və reklamını qadağan edib. Buna baxmayaraq, İsveçrə kanalları bloklamayacaq, çünki “yalan bəyanatlara qarşı çıxmaq onları tamamilə qadağan etməkdən daha effektivdir”.