Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçirəcək.
TQDK-dan Modern.az-a verilən məlumata görə, cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2013-cü il mayın 19 - da keçirilib. Həmin imtahanda 8407 abituriyent iştirak etib, onlardan 7233 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.
Qəbul qaydalarına əsasən, mayın 19 - da keçirilmiş imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 23-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilir.
Bakı və Naxçıvan şəhərlərdə imtahanların keçirilməsi üçün 5 (Bakıda 4, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunmasına 17 imtahan rəhbəri, 182 zal nəzarətçisi cəlb olunub. İmtahanında 2259 (2246 nəfər Bakıda, 13 nəfər isə Naxçıvanda) abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 1031 nəfəri qız, 1228 nəfəri isə oğlandır. Abituriyentlərdən 1109 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən məzunlar, 1150 nəfəri isə builki məzunlardır.
Qeyd edək ki, imtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
Modern.az