Türkiyədə keçiriləcək prezident seçkilərinə sayılı günlər qalır. Bütün dünyanın diqqəti qardaş ölkədə gedən proseslərə yönəlib. 14 may seçkiləri Türkiyə ilə yanaşı Azərbaycanda da aktiv müzakirə mövzusudur. Hansı namizədin prezident seçiləcəyi barədə qızğın müzakirələrin getdiyi bir vaxtda güneyli soydaşlarımızın mövqeyi böyük maraq doğurur.
Onlar Türkiyədə kimin prezident olmasını istəyirlər? Ərdoğanı, yoxsa Kılıçdaroğlunu dəstəkləyirlər?
Bu barədə Modern.az-a danışan Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili bildirib ki, indiki Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsində Türkiyə-Azərbaycan münasibətləri qızıl dövrünü yaşayır:
"Ərdoğanın seçkidən əvvəlki dönəmində Azərbaycan-Türkiyə əlaqələri baxımından qızıl dövr yaşadıq. Müasir tariximizdə ən yaxın əlaqələri qurduq. Türkiyə-Azərbaycan əlaqələrində zirvəni gördük. Bu, həm Güney, həm də Quzey azərbaycanlılar üçün çox önəmlidir. Cənubi azərbaycanlılar, milli fəallar olaraq Azərbaycan və Türkiyə dövlətinin nə xeyrinədirsə, onu istəyirik. Hansı namizəd daha millidirsə, onu dəstəkləyirik. Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafında kim daha maraqlıdırsa, Türk Dövlətləri Təşkilatının daha da güclənməsində kimin təsiri çoxdursa, biz onun prezident seçilməsini istəyirik".
Məhsa Mehdili güneylilərin türk xalqının seçiminə hörmətlə yanaşdığını bildirib: "Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə əlaqələri daha da güclənib. Lakin seçim Türkiyə xalqınındır. Onlar kimi prezident seçəcəklərsə, biz də qəbul edəcəyik. Türk millətinin seçiminə hörmətlə yanaşırıq".
Güneyli siyasi şərhçi Kərim Əsğəri də Ərdoğanın istər güneylilər, istərsə də quzeylilər arasında böyük hörmət qazandığını söyləyib:
"İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin və Ərdoğanın sərgilədiyi mövqe istər Güneydə, istərsə də Quzeydə ona xüsusi simpatiya qazandırdı. Türkiyədə yaşayan güneylilər iki qismə bölünür: vətəndaş olanlar və olmayanlar. Vətəndaş olmayanlar onsuz da səs verə bilmir. Vətəndaş olanların da hər birinin öz fərdi düşüncələri var. Son qərar türk xalqınındır və biz hörmətlə yanaşırıq".
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli seçkilərin Türk dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb:
"Mayın 14-də keçiriləcək prezident seçkiləri çox əhəmiyyətlidir. Bu, həm də Güney Azərbaycan üçün əhəmiyyətlidir. Son illər ərzində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli dövlətlərarası münasibətlər formalaşıb. 44 günlük Qarabağ savaşından sonra münasibətlərin bütün istiqamətləri müəyyənləşib. Şuşa bəyannaməsində bu məsələlər öz əksini tapıb. Türkiyə və Azərbaycan regional və qlobal proseslərdə birgə irimiqyaslı layihələrə imza atmaq iqtidarındadır. Biz bunu Qarabağın bərpasında və başqa sahələrdə də görürük. Azərbaycanla Türkiyə arasında əlaqələrin belə yüksək olması həm regional, həm də qlobal şəkildə təhlükəsizlik və iqtisadi inkişafa səbəb olur".
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin qardaşlıq səviyyəsinə çatması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səylərinin nəticəsidir:
"Biz Türkiyədə siyasi sabitliyin, demokratikləşmə prosesi, iqtisadi inkişaf və digər bütün ictimai-siyasi proseslərin uğurla getməsində maraqlıyıq. Bu mənada hesab edirəm ki, Ərdoğan regionda yeni çağ və yeni fürsət yaratmış liderdir. Prezident Ərdoğanın seçkidə yenidən namizəd olması çox önəmlidir. Hesab edirəm ki, türk milləti bu prosesdə bütün həssas məqamları nəzərə alaraq səs verəcəklər. Türkiyə, Güney Azərbaycan və Azərbaycanın hədəflərinə doğru gedən prosesləri nəzərə alıb, seçkidə fəal iştirak edəcəklər. Güney azərbaycanlılar olaraq arzumuz Türkiyənin daha güclü olmasıdır. Türkiyə qarşıya qoyduğu hədəflərə daha tez çatsın".
Qeyd edək ki, Türkiyədə 14 may tarixində prezident seçkiləri keçiriləcək. Seçkidə 4 namizədk mübarizə aparacaq. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.