Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Əbülfəz Elçibəyin siyasi irsini tənqid edib. Modern.az-ın məlumatına görə, çıxışlarında Elçibəyin əqidəsini davam etdirdiyini qeyd edən F.Mustafa mərhum eks-prezidentin siyasi irsinə münasibətinin tənqidi olduğunu deyib.
F.Mustafa hesab edir ki, Elçibəy şəxsiyyətini ideallaşdırmaq istəyənlər onu ucaltmaqdan daha çox, özlərinə sığınmağa kölgəlik axtarırlar:
“Azərbaycan tarixinin gəlmiş-keçmiş ən böyük dəyərlərindən biri olan, liderim, müəllimim, dostum Əbülfəz Elçibəyin dünyaya gəlişinin 75 ili tamam olur. Bu gün Əbülfəz bəyin siyasi irsinə mənim münasibətim tənqididir. Tarixə ve proseslərə baxışına, ideoloji postulatlarına yanaşmam fərqlidir. Ancaq onun insanlıq ölçülərinə, siyasət əxlaqına hər dəfə üz tutacağımıza əmin olduğumu bilirəm. "Mütəfəkkir" heykəlini yaratmış Rodedən soruşdular ki, bu möhtəşəm əsəri necə yaratdın, cavab qısa oldu: Daşı götürüb üzərində artıq olan nəyi varsa yondum. Düşünürəm ki, Əbülfəz bəy şəxsiyyətini ve siyasi irsini hədsiz ideallaşdırmaq istəyənlər əslində onu ucaltmaqdan daha çox, özlərinə barınmağa kölgəlik axtarırlar. Sadəcə, doğru və yanlışı ilə onun obrazını təqdim etməkdan faydalı yol görmürəm. Onun obrazından artıq olan hər şeyi çıxarsanız, sadəcə özünün səmimiyyəti və əxlaq anlayışı ilə cəmiyyətdə daha çox seviləcəyini ve xatırlanacağını görəcəksiniz. Yubileyi ərəfəsində hər zaman əziz bir lider və insan olaraq xatırlayacağım Əbülfəz bəylə bağlı ötən il doğum günündə səmimi təhlil yanaşmamın videosunun bir daha izlənməsini istərdim”-deyə deputat bildirib.
A.RÜSTƏMOV