Modern.az

İlham Əliyevlə Paşinyan harada GÖRÜŞƏCƏKLƏR...

İlham Əliyevlə Paşinyan harada GÖRÜŞƏCƏKLƏR...

23 Aprel 2023, 15:42

Son günlər bəzi media qurumları tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında danışıqların aparılacağı barədə müxtəlif məlumatlar tirajlanır. Ehtimal olunan görüşün may ayına planlaşdırıldığı iddia edilsə də, dəqiq məkan məlum deyil. 

 

Ermənistanın “Past” qəzeti iddia edir ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın növbəti görüşünün may ayının ikinci yarısında Vaşinqtonda keçirilməsi planlaşdırılır.


 
“Bizdə olan məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Nikol Paşinyan və İlham Əliyevlə bir neçə dəfə telefon danışığı aparıb. Telefon danışıqlarının əsas mövzusu Azərbaycan-Ermənistan münasibətləri və danışıqlar prosesi olub",- deyə nəşr yazıb.

 

Liderlərin görüş yeri kimi Brüssel və Moskva variantları da istisna edilmir. 

 

"İndiki mərhələdə Brüssel Azərbaycan və Ermənistan arasında danışıqların təşəbbüskarı rolunda çıxış etmək istəyir. Hətta Mişel yaxın həftələrdə İlham Əliyev və Paşinyanın görüşünü təşkil etmək niyyətindədir. Brüsselin səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü böyük ehtimalla Vaşinqtonda olacaq. Bundan sonra Vaşinqton platformasında danışıqlar aparılacaq",- deyə xarici KİV yazır.
 

Məlumata əsasən, Vaşinqton görüşünün ideya müəllifi ABŞ dövlət katibi Entoni Blinkendir.

 

Vaşinqtonla yanaşı, liderlər arasında görüşün Rusiyada keçiriləcəyini iddia edənlər də var. Buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu yaxınlarda keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərdir.

 

Zaxarovanın sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: “Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, mən məsləhətləşmələrin detallarına varmayacağam. Bir daha Moskvada Azərbaycan və Ermənistan rəsmilərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”.

 

Belə olan halda sülh sazişini əhatə edəcək görüşün harada olacağı böyük maraq doğurur.

 

 

Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Modern.az-a tərəflər arasında ola biləcək görüşlə bağlı fikirlərini bölüşüb. O hesab edir ki, Əliyev-Paşinyan görüşü Rusiyada keçirilə bilər:

 

“İki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün çalışan tərəflər çoxdur. Burada Moskva, Brüssel və Vaşiqtonu xüsusi vurğulamaq lazımdır. Ötən il tərəflərin vasitəçiliyi ilə görüşlər keçirilib. Mühüm addımlar atılsa da, hələ sülh müqaviləsi bağlanmayıb. Belə olan halda tərəflər arasında bir növ uğurlu vasitəçilik üçün rəqabət gedir deyə bilərik. Növbəti ay baş tutacaq görüşə gəldikdə isə ilkin görüşün Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini düşünmək olar".

 

"Rəsmi Moskva tərəflərə uyğun təkliflər irəli sürübsə, bu görüş baş tuta bilər. Amma ciddi razılaşma ola bilərmi, bu məsələ sual altındadır. Çünki tərəflərin ciddi tələbləri var, fikir ayrılığı yaranarsa, yenidən bir şey əldə etmək olmaz. Moskvadan sonra görüşün Vaşiqtonda ola biləcəyini düşünmək olar. Qərbə yaxınlığı ilə seçilən Paşinyanın bu görüşlərə münasibəti daha yaxşıdır. Amma düşünmürəm ki, burada da ciddi razılaşmalar əldə olunsun”, - rusiyalı politoloq vurğulayıb.

 
Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu görüş bu il fevral ayının 18-də Münxendə keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı