Modern.az

Sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisədir - REAKSİYALAR

Sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisədir - REAKSİYALAR

23 Aprel 2023, 17:15

Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Rəsmi məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

 

 

Sərhəd-buraxılış məntəqəsinin qurulmasının əhəmiyyəti barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bunun vacib addım olduğunu bildirib.

 

“Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdıracaq. Bu isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək. Nəticə etibarı ilə ərazilərimizin qanunsuz silahlılardan təmizlənməzi prosesini sürətləndirəcək”, - deyə ekspert vurğulayıb.

 

Politoloq Elxan Şahinoğlu isə xatırladıb ki, İrəvan xanlığı dövründə biz həmin torpaqlara sahib olduğumuzdan sərhədə ehtiyac yox idi. Rusiya imperiyası dağıldıqda və bolşeviklər tarixi torpaqlarımızda Ermənistan dövlətinin təsisinə icazə verdikdə SSRİ yaradıldığına görə yenə də sərhəd olmadı. SSRİ dağıldıqda sərhəd yaratmağa macal tapmadıq, təcavüzlə üzləşdik, müstəqillik illərində Ermənistanla Qarabağ istiqamətində sərhədimiz olmadı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əsas səbəbi məhz sərhədin olmamasıydı. O gün bu gündür.

 

 

Onun sözlərinə görə, Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir, İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər.

 

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Laçın istiqamətində sərhəd-keçid məntəqəsinin yaradılacağını gözləyirdi. Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük. Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq. Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini – bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntiqimiz sadədir: hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur", - deyə Elxan Şahinoğlu əlavə edib.

 

 

Müsavat Partiyasının başqanı Arif Hacılı feysbuk paylaşımında qeyd edib ki, sərhədlərimizin nəzarətə götürülməsi dövlətimizin beynəlxalq hüquqa tam uyğun olan suveren hüququdur.
 

"Elçibəy 31 il əvvəl demişdi ki, Qarabağ münaqişəsinin həlli Laçın-Xankəndi yolunun nəzarətə götürülməsindən keçir. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addımın atılması deməkdir", - partiya sədri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI