Fransanın “Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun nəzarətinə keçəcəyi dəqiqləşib. Bu barədə Fransanın lensois.сom portalı xəbər yayıb. Adıçəkilən portalın yazdığına görə, gələn ayın, yəni iyulun əvvəlindən «Lans» klubu bütünlüklə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək.
Hazırda “Lans” Fransanın ikinci liqasında yarışır. H.Məmmədov sahiblik etdikdən sonra məqsədinin komandanı yüksək liqaya çıxarmaq olacağını bildirib.
Bu arada Hafiz Məmmədovun “Lans”la imzalayacağı müqavilənin bəzi təfərrüatları məlum olub.
Qol.Az-ın məlumatına görə, Fransanın “Lavoixdunord” nəşri klub rəsmilərindən birinə istinadən yazıb ki, iyulun əvvəlində tərəflər arasında rəsmi müqavilənin imzalanacağı gözlənilir. Müqavilənin məğzi haqda danışan mənbə qeyd edib ki, ilkin mərhələdə “Baghlan group”un sahibi Hafiz Məmmədov tərəfindən “Lans”a 20 milyon avro veriləcək. “Əgər yüksək liqaya vəsiqa qazansaq, komandaya mükafat kimi daha 30 milyon avro ödəniləcək” – deyə o vurğulayıb.
O, hazırda hüquqşunasların müqavilənin şərtləri üzərində son tamamlama işləri aparıldığını bildirib.
H.Məmmədovun “Lans”ın prezidenti vəzifəsini tutacağı haqda xəbərlərə də toxunan klub nümayəndəsi qeyd edib ki, hazırkı vəziyyətdə FİFA-nın qaydaları azərbaycanlı iş adamına bu vəzifəni tutmağa imkan vermir. Çünki H.Məmmədov eyni zamanda “Bakı” klubunun prezidenti vəzifəsində çalışır: “Bir şəxsin iki klubun sahibi olmasına isə FİFA qanunları qadağa qoyur”.
Müqavilə imzalandıqdan sonra “Lans”a klubun keçmiç prezidenti Gervais Martelin rəhbərlik edəcəyi istisna olunmur.Lensios.com Fransanın dünyaca ünlü “Ekip” jurnalına istinadən digər maraqlı bir məqama da aydınlıq gətirir.
“Ekip”in yazdığına görə, “Baghlan Qrup”un prezidentinin – Hafiz Məmmədovun varidatı 1 milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Modern.az-ın məlumatına görə, Hafiz Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvanda doğulub. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Eyni zamanda “Baghlan Group” holdinqinin prezidentidir.
Hafiz Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olduğu da bildirilir. “Hafka” ləqəbli iş adamının pullu olması hətta vaxtilə adam oğrusu Hacı Məmmədovun da diqqətini cəlb etmişdi. Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və “poqonlu qanqster”in dəstəsi iş adamı Hafiz Məmmədovun atası Məcid Məmmədovu 6 mart 2003-cü il tarixdə oğurlamış və külli miqdarda pul (1 milyon 500 min dollarədək) alandan sonra buraxmışdı.
H.Məmmədov barəsində yazının orijinalı ilə buradan tanış ola bilərsiniz: