Türkiyə prezidentliyinə "ATA İttifaqı"nın vahid namizədi Sinan Oğan anasının vəfatı ilə bağlı xatirəsini bölüşüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğan anasının Milliyyətçi Hərəkat Partiyasından (MHP) deputat olduğu dönəmdə dünyasını dəyişdiyini xatırladıb.
"MHP-dən millət vəkili idim. Anam öləndə Kılıçdaroğlu İğdırdakı evimə qədər gəldi. Amma Bahçeli zəng də eləmədi, başsağlığı vermədi. Hamı başsağlığı verdi. O vaxt baş nazir olan Ahmet Davutoğlu da başsağlığı verdi. Amma mənim partiyamın sədri yox. Kılıçdaroğlunun siyasətini yanlış hesab etsəm də, bu mənada nəzakətini, kübarlığını həmişə təqdir eləmişəm, yüksək qiymətləndirmişəm", - deyə o bildirib.
Qeyd edək ki, Oğan 2017-ci ildə MHP sıralarından xaric olunub. Hər ikisi prezidentliyə namizəd olan Sinan Oğanla Kemal Kılıçdaroğlu hazırda rəqibdirlər.