Modern.az

Sərhəd məntəqəsi Paşinyanın Zəngəzur çıxışına cavabdır - Sabiq nazirin ŞƏRHİ

Sərhəd məntəqəsi Paşinyanın Zəngəzur çıxışına cavabdır - Sabiq nazirin ŞƏRHİ

24 Aprel 2023, 16:44

Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması Ermənistanın təxribatçı addımlarına cavab kimi qiymətləndirilməlidir.

 

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla sərhəddə DSX-nin buraxılış məntəqəsinin qurulmasına münasibət bildirərkən deyib.

 

“Ermənistanın Baş naziri  təxminən 10 gün əvvəl hökumətin iclasında Zəngəzur dəhlizini açmaq fikrində olduqlarını bildirib. Eyni zamanda vurğulayıb ki, dəhlizin fəaliyyəti Ermənistanın qanunları çərçivəsində olmalıdır. Həmçinin qeyd edilib ki, dəhlizdə heç bir eksteritoriallıq xüsusiyyətləri olmayacaq. Əlbəttə, bu yanaşma üçtərəfli bəyanatın müddəalarına ziddir. Demək olar ki, Ermənistan bununla rəsmi olaraq razılaşmanın bir hissəsindən imtina etdiyini bəyan etmiş oldu. Bu baxımdan Laçında Dövlət Sərhəd Xidmətinin məntəqəsinin qurulması, Azərbaycanın Ermənistana cavabıdır. Azərbaycan bununla əraziyə öz nəzarətini bərpa etdi. Onu da bildirim ki, nəzarət 2025-ci ildə bərpa olunmalı idi. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın qanunlarına uyğun olaraq, fəaliyyət göstərəcək. Ancaq qalan iki il ərzində təhlükəsizlik xidmətini sülhməramlılar aparacaqlar. Təxminən bu şəkildə müvəqqəti olaraq fəaliyyət yürüdüləcək", - deyə o bildirib.

 

 

Fransa və ABŞ-ın sərhəd-buraxılış məntəqəsi ilə bağlı mövqeyinə toxunan sabiq XİN başçısı qeyd edib ki, indiki situasiyada Azərbaycana çağırışların edilməsi gülüncdür:

 

"Deyirlər ki, guya sərhəd bağlanıb. Əlbəttə, belə bir məsələdən söhbət getmir. Qanunlara görə, orada nəzarət olacaq. Dünyanın heç bir yerində sərhəd nəzarətsiz olmur. Bizə çağırışlar etmək istəyənlər buna özlərindən başlasınlar. Bəyəm Rusiyanın, Fransanın və ya Amerikanın özlərinin sərhəd nəzarəti yoxdur? Amerika Birləşmiş Ştatları Meksika ilə sərhəddə 6 metrlik divar inşa edib. Keçən il ərzində sərhədi qanunsuz keçərkən 853 nəfər sərhəd xidməti tərəfindən güllələnib. Onlar öz nəzarətlərindən imtina edəcəklər? Bizə çağırışların edilməsi cəfəngiyyatdan ibarətdir. Dövlət öz suverenliyi əsasında sərhədlərini qorumalıdır. Vəssalam!  Avropa İttifaqı sərhədləri açsın, kim istəyir gəlib getsin. Bizə belə çağırışların edilməsi həqiqətən gülməli səslənir".

 

Qarabağdakı ermənilərin narahatlığına gəlincə, keçmiş nazir təşvişə ehtiyac olmadığını söyləyib:

 

"Qarabağdakı ermənilər üçün heç bir problem görmürəm. Ancaq orada Azərbaycanla təmasda olmayan insanların böyüdüyünü də başa düşməliyik. Təbii olaraq, bunlar üçün azərbaycanlıları görmək fövqəladə haldır. Psixoloji baxımdan panikaya düşürlər, nə edirlərsə, bu, onların problemidir. Əminəm ki, bizim sərhədçilərimiz qanuni çərçivədə hər bir məsələni həll etməyə hazırdırlar. Burada heç bir problem yoxdur. İnsanlar Azərbaycanın digər vətəndaşları kimi qanunu pozmurlarsa, istədikləri yerə gedib-gələ bilərlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı