Modern.az

Ayı ovuna çıxanlar, ayı saxlayanlar, ayı əti yeyənlər... Azərbaycanda

Ayı ovuna çıxanlar, ayı saxlayanlar, ayı əti yeyənlər... Azərbaycanda

24 İyun 2013, 14:12


Bu gün bütün media ayıdan yazır. Şamaxıda iki nəfəri parçalayan qonur ayıdan. “Ayı mövzusu” bir dəfə 2010-cu ildə də gündəmi zəbt etmişdi. O zaman media mövzunu uzun-uzadə dartışdırdı...

“Ayı mövzusu” gündəmdə olmuşkən, biz də ona başqa tərəfdən toxunaq. Ayı əti yeməlidirmi, Azərbaycanda ayı ovuna icazə varmı, ölkəmizdə nə qədər ayı yaşayır?

Modern.az bu suallara cavab tapmaq məqsədilə araşdırma aparıb.

Ayı vəhşi yırtıcı heyvanlar sırasına aiddir. Ayılar iri bədən quruluşuna malik  heyvanlardır. Ağırlıqları 40 kq-dən başlayaraq 780 kq-ya qədər çatır. Erkək ayılar dişilərdən daha iri olarlar. İri gövdələrinə baxmayaraq bu heyvanlar yaxşı bir dırmaşıcı və usta bir üzüçüdür. Ayılar ümumiyyətlə həm ət, həm də otla bəslənən heyvanlardır. Bu heyvanların bəslənməsində ət, balıq və meyvə əhəmiyyətli yer tutur. Ayılar meşələrin dərinliyində, gizlin yerlərdəki ağac oyuqlarında ya da böyük qayaların arasında yaranan çuxurlarda, mağaralarda yaşayarlar. Qış gəlməzdən əvvəl bol-bol bəslənərək kökələn ayılar qışda uzun müddət yuxuya da gedirlər. Amma bu uzun mürgüləmə gerçək bir qış yuxusu sayılmaz. Yəni hər an oyana və hərəkət edə bilərlər. Ayılar təbiətdə yabanı olaraq 15-30 il qədər, tutulub insanlar tərəfindən saxlanıldıqda isə daha uzun müddət yaşaya bilirlər. Onların müxtəlif növlərui var: boz ayı, qonur ayı, qütb ayısı, panda və s.

Ayrı-ayrı mənbələrin məlumatına görə, qədim dövrlərdə bəzi insanlar güclü olmaq üçün ayı iliyi yeyirmişlər. Bəzi dövrlərdə insanlar ayı ətindən geniş istifadə ediblər. Hətta təbabət kitablarında ayı ətinin və piyinin  dərman olduğu, müxtəlif xəstəliklərin yaxşılaşmasına təsir göstərdiyi bildirilir. Məsələn, təbabətdə qeyd olunur ki, ayının piyi əl-ayaqdakı qırıq-çıxıq və burxulmalar olan yerlərə sürtülür, bronxit xəstəliyinin müalicəsində ondan istifadə edilir. Saç tökülməsinə qarşı başa ayı piyi sürtürmüşlər. Revmatizm və bel  ağrılarında da ayı piyindən geniş istifadə olunub.  

Bütün bunlara baxmayaraq, ölkəmizdə ayını birmənalı olaraq əti yeyilən heyvan hesab etmirlər. Amma araşdırmalar göstərir ki, respublikamızın bəzi bölgələrində ayı əti yeyilir, əksər bölgələrimizdə isə ayı ətini yemək haram sayılır.

Din xadimləri də ayı əti yeməyi günah sayırlar. Din xadimləri deyirlər ki, şəriətə görə, ovunu azı dişləri ilə qapıb ovlayan və parçalayan heyvanların əti haramdır, yeyilə bilməz. Dindarlar Azərbacanda bu sıradan olan vəhşi heyvanlar siyahısına canavar, porsuq, sincab, samur, bəbir, it, pişik, vaşaq, tülkü, çaqqal kimi heyvanlarla yanaşı, ayını da daxil edirlər.

“Yəni şəriət bu heyvanların ətini iyrənc hesab etdiyindən onların dadına baxmaq haramdır, yeyilməz. İnsan təmiz məxluqdur. İnsanlar İslam dininin icazə vərdiyi heyvanların ətini yeməlidirlər”.  

Dini yasaqlara baxmayaraq, Azərbaycanın bəzi dağlıq bölgələrində ayı ətindən son illərədək istifadə olunub. İndi də həmin bölgələrdə imkan düşdükcə gizli ayı ovu həyata keçirlir. Elə məşhur Qəbələ rayonunda da gizli ayı ovunun həyata keçirilməsinə dair məlumatlar var. Qəbələnin Yengicə kəndindən olan bir nəfərin sözlərinə görə, vaxtilə kənd ovçularından kiminsə ayı ovlaması az-qala toy-bayram sayılırmış. Çünki ayı ovlanan günün axşamı bütün kənd ayı ətindən kotlet yeyirmiş.  

Ayı ovundan söz düşmüşkən, hazırda Azərbaycanda ayı ovu rəsmən qadağandır. Amma 2004-cü ilədək respublikamızda ayı ovu mümkün imiş, indi ona güllə atmaq qəti qadağandır. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Nazirlik Azərbaycan ərazisində 2013-2014-cü illər üçün ov mövsümü 01 iyun 2013-cü il tarixindən etibarən açıq elan edib. Respublika ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib;

• Təkə 01 iyun - 19 oktyabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Dovşan 09 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində; 2 baş (adambaşına)
• Bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində ( nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir).
• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Göründüyü kimi, ovuna rəsmən icazə verilən vəhşi heyvanlar siyahısında ayı yoxdur. (Yeri gəlmişkən, Avropa ölkələrinin əksəriyyətində də ayı ovu qadağan edilib. Hətta bəzi şimal xalqları ayını ilahiləşdirərək, onun ovunu günah və axmaqlıq sayırlar-A.Q.)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, qanunla Azərbaycanda ayılar ancaq Zooparkda və ya vəhşi təbiətdə yaşa bilər. Bu heyvanların hansısa restoranlardakı qəfəslərdə saxlanılması qadağandır. Amma bəzi məmurların himayəsində olan restoranlar müştəri cəlb etmək üçün öz həyətlərindəki qəfəslərdə müxtəlif heyvanlar kimi, ayı da saxlayırlar.  

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları 2010-cu ildə vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə respublika ərazisində növbəti reydlər keçiriblər.
2010-cu ilin noyabr-dekabr aylarında ictimai iaşə obyektlərində qeyri-qanuni şəraitdə saxlanılan vəhşi heyvanların götürülməsi ilə əlaqədar keçirilən reydlər zamanı 20-dən artıq qonur ayı, onlarla məməli və quş növləri müsadirə olunub.

Heyvanlar baytar həkimlərinin nəzarəti altında tam müayinə olunaraq, reabilitasiya dövrü keçdikdən sonra yaşayış məntəqələrindən uzaqda yerləşən meşə ərazilərinə buraxılıb.

Bəzi məlumatlara görə, heç də bütün restoranlarda reydlər keçirilmir, bir sıra hallarda nazirlik əməkdaşlarını iaşə obyektlərinə heç yaxın buraxmırlar. Həmin obyektlərin kimə məxsus olduğunu öyrənəndə, nazirlik əməkdaşlarının özləri də susmağı üstün tuturlar. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, sonuncu dəfə 3 il öncə Azərbaycan ərazisində yaşayan qonur ayıların sayı 1745 baş təşkil edib.

Yeri gəlmişkən, Azərbaycan folklorunda ayılarla bağlı çoxlu deyimlər, lətifələr, atalar sözləri var. Maraqlıdır ki, həm folklorumuzda, həm də yazıçı və şairlərin əsərlərində ayılar nədənsə axmaq heyvan kimi təsvir olunur. Məsələn, “Ayı və şir” şeirini yəqin ki hamı bilir: şir ilə əlbir olub dovşan ovlayan ayı onu bölə bilmir. Bir-birlərini didib-parçalayan bu iki nəhəng heyvan özlərini taqətdən salanda, bir tülkü gəlib dovşanı qamarlayıb aradan çıxır.

Ayının axmaq kimi təsvirinə dair daha bir misal:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lənbəki,  
Ayı axmaq, donuz toxmaq,
Qurd ulavuş, çaqqal çavuş...

Yazının sonunda ayı ilə bağlı bir lətifəni də qeyd etmək yerinə düşər:

Bir kənddən Bakıya oxumağa gedən cavan oğlan 10 il sonra doğma el-obasına baş çəkməyə qayıdır. Oxuyub Bakıda işləyən bu adamı kənddə tay-tuşları hörmət-izzətlə qarşılayır, onu ən ağıllı hesab edirlər. Bir gün tay-tuşları ona təklif edirlər ki, ayı ovuna çıxaq. Bu ağıllı da tüfəng götürüb kənd cavanları ilə qalxır dağa. Ayı olan mağaraya yaxınlaşanda cavanlar hörmət əlaməti olaraq ona deyirlər ki, sən bir qədər uzaqda dayan, içəri girmə. Mağaraya girməyə onsuz da qorxan “qəhrəman” o saat razılaşıb 1 km uzaqda dayanır. Cavanlar girirlər mağaraya ki, ayını hirsləndirib bayıra çıxarsınlar.
Bir müddət keçəndən sonra “qəhrəman” görür ki, əli tüfəngli cavanlar mağaradan çıxıb kəndə sarı qaçmağa başlayırlar, bir ayı da onların dalınca düşüb. Uzaqdan ona da işarə edirlər ki, sən də qaç. Bu ağıllı da özünü qəhrəman kimi göstərmək üçün qışqırır ki, “əə nə qorxaqsınız, əlinizdə tüfəng bir ayıdan qorxub hara qaçırsınız..?”. 
Sonra da qaldırıb qoşalüləni ayını vurub öldürür. Axırda da özündənrazı halda dayanıb gözləyir ki, hamı indi gəlib onu təbrik eliyəcək. Cavanlar isə əksinə, ona yaxınlaşıb acıqlı-acıqlı qışqırılar: “Neynədin əəə, sən? Guya sən qədər ağıllı deyilik həə? İndi götür, zəhmət çək ayını kəndəcən daşı!”
Deməyəsən, cavanlar “ağıllı”nın düşündüyü kimi qorxub qaçmırmışlar, onların məqsədi 300 kq-dan ağır olan ayını kəndə yaxınlaşdırb öldürmək imiş...

A.Qorxmaz  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi