Modern.az

Diaspordan qardaş ölkəyə növbəti DƏSTƏK - FOTO

Diaspordan qardaş ölkəyə növbəti DƏSTƏK - FOTO

Diaspor

25 Aprel 2023, 10:54

Fevralın 6-da Kahramanmaraşda baş verən dəhşətli zəlzələdən 3 aya yaxın vaxt keçir. Zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub, on minlərlə insan yaralanıb. Yeraltı təkanlar müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində onlarla binalar dağılıb və Türkiyə vətəndaşları müvəqqəti ərazilərdə yaşamağa məcbur olub.

 

Azərbaycan Türkiyədə baş verən təbii fəlakətlə bağlı dərhal reaksiya verib. Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycan xalqını sarsıtdığını və kədərləndirdiyini deyib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

 

Zəlzələdən sonra Azərbaycan Türkiyəyə böyük həcmdə humanitar yardım göndərib. Fəlakət bölgəsinə göndərilən yardımlar arasında mobil səhra hospitalları, çadırlar, səhra mətbəxləri, generatorlar, isti geyim, qızdırıcı və texniki avadanlıqlar, konteyner tipli mobil evlər, dərman və tibbi ləvazimatlar yer alıb. Ümumi yardımın həcmi 30 milyon dollara yaxın olub. Bundan başqa, xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycanın 100 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb.

 

Qardaş Türkiyənin acı günündə Azərbaycanın diaspor təşkilatları da səfərbər olaraq zəlzələ bölgəsinə yardımlar göndərib, təbii fəlakətin qarşısının alınmasında əlindən gələn köməkliyi göstərib. Belə ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilk gündən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım kampaniyalarına başlayıb.

 

Dünyanın dörd bir yanında yaşayan diaspor nümayəndələri Türkiyəyə humanitar yardım aksiyalarında fəal iştirak edib və dəstək tədbirləri bu gün də davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Türk-Alman Həmrəylik və Təhsil Fondu (TADEV) Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş ailələrə növbəti dəfə yardım göndərib. İki fond birlikdə bölgəyə 2600 ədəd qida bağlaması çatdırıb.  

 

Azərbaycan diasporu humanitar yardımları davam etdirməklə hər zaman Türkiyənin yanında olduğunu bir daha nümayiş etdirib.  Ölkə başçısının “Bir millətin iki diasporu olmaz” fikri ətrafında birləşən minlərlə soydaşımız bundan sonra da qardaş ölkənin yanında olacaqlarını diqqətə çatdırıblar. Diaspor fəalları onu da bildiriblər ki, türk qardaşlarımızın çətin günlərində onlara dəstək vermək hər birimizin vəfa borcudur. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır və yanında olmağa davam edəcək. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər