“Azərbaycanın 22 illik müstəqillik dövründə indiyədək keçirilən seçkilər onlara heç nə öyrədə bilməyib. Onlar hələ də dəstəyi Azərbaycan cəmiyyətindən yox, xaricdən almağa çalışırlar”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Milli Şura rəhbərliyinin ABŞ-a səfərini
Modern.az-a şərh edərkən bildirib.
YAP-çı deputatın fikrincə, Milli Şura üzvlərinin mütəmadi olaraq xarici səfərləri getməsi onların xarici qüvvələr tərəfindən maliyyələşməsi ilə bağlı şübhələri artırır.
“Milli Şura cəmiyyəti təəccübləndirməkdə davam edir. Qarşıdan gələn prezident seçkilərinə, öz namizədini təqdim etməyə, proqramını irəli sürmək əvəzinə Milli Şura əhəmiyyətsiz işlərlə məşğul olur. Cəmiyyətdə onların xaricdən maliyyələşdirildiyi, xaricdən idarə edildiyi barədə şübhələr günü-gündən artır. Vaxtaşırı xaricə səfərlər edirlər. Amma bu səfərlər barədə açıqlama verməkdən imtina edirlər. İndi də Amerikaya səfər edəcəklərini bildirirlər. Bunlar daha çox xarici qüvvələrlə görüşlər keçirməyə çalışırlar. Hesab edirəm ki, onlar Azərbaycanda ziyalılarla, sadə vətəndaşlarla keçirməkdənsə, xarici ölkələrə getməyi üstün tuturlar”-deyə A.Mirzəzadə rəqiblərinin ABŞ səfərinə münasibət bildirib.
Anar RÜSTƏMOV