İyunun 24-də vəkil Fuad Ağayev Milli Təhlükəsizlik Nazirliyində keçirilən istintaq prosesində Akif Muradverdiyevlə görüşüb.
“Media forum” saytına açıqlamasında Fuad Ağayev deyib ki, Akif Muradverdiyev saxlanma şəraitindən narazıdır: “MTN-in təcridxanasında saxlanma şəraiti qənaətbəxş deyil. Ona ötən cümə günü sovqat kimi meyvə, su və başqa qidalar gətiriblər. Amma qidaların əksərini, hətta suları da qəbul etməyiblər”.
Vəkil bildirib ki, Akif Muradverdiyev həm səhhətindəki problemə, həm də havalar isti keçdiyinə görə suya çox tələbat duyur: “Amma su istəyəndə bu, böyük problemə çevrilir. Başqa problemlər də var. Ümumiyyətlə, MTN-in təcridxanasındakı şərait Bakı İstintaq Təcridxanasındakı kimi deyil”.
Bununla belə vəkil qeyd edib ki, onlar Akif Muradverdiyevin başqa təcridxanaya köçürülməsini deyil, ümumiyyətlə həbsdən azad olunmasını istəyirlər: “Biz məsələni belə qoymuşuq ki, o, həbsdə qalmalı deyil”.
Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev bu il iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Akif Muradverdiyev Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan, çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib: “O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan, çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
Modern.az