Modern.az

Azərbaycanlı deputat erməni həmkarlarına “dərs keçdi”

Azərbaycanlı deputat erməni həmkarlarına “dərs keçdi”

24 İyun 2013, 23:33

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının ilk günündə gündəliyə müvafiq olaraq sərbəst dinləmələr keçirilib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın guya Azərbaycanın Minsk qrupunun həmsədrləri olan ölkə başçılarının G8 sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatın bütün müddəalarını qəbul etməməsinə dair səsləndirdiyi fikrə düzəliş verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti ABŞ, Rusiya və Fransa prezidentlərinin münaqişəyə dair birgə bəyanatına öz dəstəyini açıqlayıb.
Deputat münaqişənin əslində Ermənistan ilə Azərbaycan arasında baş verdiyini diqqətə çatdırıb, münaqişə qurbanlarının ilk növbədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının olduğunu bildirib. Bu icmaların görüşünün fayda verə biləcəyini qeyd edən R.Rzayev deyib:

“Biz hesab edirik ki, bu iki xalqın bölgədəki icmaları arasındakı təmaslar yüksək səviyyədə gedən sülh danışıqları prosesinə öz müsbət töhfəsini verə bilər. Lakin təəssüflər olsun ki, bu vaxtadək Assambleya daxilində bunu dəstəkləyən bir kimsə tapa bilmirəm”.

Bu məsələ ilə bağlı AŞPA sədri Jan-Klod Minyona da müraciət etdiyini deyən azərbaycanlı deputat hər iki nümayəndə heyətini bir masa arxasında əyləşdirməyə səy göstərdiyinə görə ona təşəkkürünü bildirib.

Rövşən Rzayev daha sonra üzünü ondan əvvəl çıxış edən Ermənistan nümayəndə heyətinin üzvünə tutaraq deyib: “Gəlin elə indidən başlayaq və dialoq masası arxasına əyləşək. Əgər Azərbaycan parlamentində ermənilərlə ünsiyyətə görə cəzalandırma haqqında qanun varsa, o zaman mən ilk olaraq cəza çəkməyə hazıram. Əmin olmaq istərdim ki, bu assambleyada mənim səsimi və danışıqlar vasitəsilə bu məsələni həll etmək arzusunda olan Dağlıq Qarabağın Azərbaycan icmasının səsini eşidənlər olacaqdır”.

Belə bir dialoqun hər iki xalqın nümayəndələrinin normal şəraitdə birgə yaşamalarına xidmət göstərəcəyinə əminliyini bildirən azərbaycanlı deputatın çıxışı maraqla qarşılanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama