“Bugünkü jurnalistikada 90-cı illərin tənqidi çıraqla da axtarsanız, tapa bilməzsiniz”
Modern.az saytında “Əsas peşə” layihəsinin budəfəki qonağı Müsavat Partiyası başqanının Mətbuat və informasiya məsələləri üzrə müavini Mehman Cavadoğludur.
- Son vaxtlar çevrənizdə gərginlik hiss olunur. Narahat deyilsiniz ki?
- Situasiyadan asılı olaraq bəzən adam gərgin olur. Necə deyərlər, dediyiniz gərginlik gündəlik yol yoldaşımızdı. Zamanla insan alışır.
- Havanın da hərarəti yüksəkdi, siyasi gündəm kimi.
- İndiki durumda bizdə iki cür istilik var. Havanın da hərarəti yüksəlir, siyasi düşərgədə də gərginlik artır. Hər ikisinə vərdiş etmişik.
- İstənilən peşəylə məşğul olmaq gündəlik vərdişə çevrilir. Sizsə jurnalist peşənizə olan vərdişi çoxdan unutmusunuz.
- Tam elə düşünmürəm. Həyatımın böyük bir hissəsi jurnalistikaya həsr olunub. 1977-ci ildə jurnalistika fakultəsini bitirmişəm. Hələ tələbə olanda bir çox qəzetlərlə əməkdaşlıq etmişəm, yazılar yazmışam. 40 yaşıma kimi aktiv jurnalistikayla məşğul olmuşam.
- Necə oldu bu peşəyə maraq yarandı?
- Uşaqlıqdan mətbuata həvəsim olub. Orta məktəbdə oxuyanda jurnalist olmaq arzum olub.
- Hansı məktəbi bitirmisiniz?
- İsmayıllı şəhər 1 saylı orta məktəbini.
- Peşə seçiminizə ailədə münasibət necə idi?
- Ailədə istəyimə qarşı irad bildirən olmayıb.
- Jurnalist kimi ilk fəaliyyətinizə harda başlamısınız?
“Sovet kəndi” qəzetində.
- 80-ci illərin axırları 90 - cı illərin əvvəllərində də jurnalist kimi fəaliyyət göstərmisiniz. Hansısa yazınıza görə sizə hücum ediblər?
- Həmin illərdə, xüsusilə 90-cı illərin axırlarından başlayaraq jurnalistika əvvəlki dövrlərə nisbətən qat-qat azad idi. Mətbuat sovet dövrünün yasaqlarından yavaş-yavaş qurtulurdu. Moskvada, Baltikyanı respublikalarda bu proses yenidənqurmanın ilk illərindən start götürmüşdüsə, Azərbaycanda xalq hərəkatının dalğasında başladı. Amma onda da təzyiqlər çox idi. İndiki təzyiqlər daha çox hakimiyyətdən gəlirsə, o vaxt hakimiyyətlə yanaşı yeni-yeni formalaşan müxtəlif yönlü ictimai, siyasi qruplar da bu məsələdə az rol oynamırdı. Kiminsə marağına toxunanda redaksiyalarla başqa müstəvidə haqq-hesab çəkməyə meylli olurdular. Redaktoru olduğum “Müxalifət” qəzetinin redaksiyasına dəfələrlə hücumlar olub. Çox qarışıq, ziddiyyətli vaxtlar idi. Silahlı hücumlar da olurdu və bu heç də həmişə hökümətə və ya rəhbər şəxslərə qarşı yazılarla bağlı olmurdu. Elə iş otağındaca başıma tapança da dirəyiblər, üç nəfər avtomatlı da bizi güllənin qabağına verəcəyilə də hədələyib. 1992-ci ilin əvvəllərində “Daşaltı əməliyyatı”nda bir qrup əsgər fərarilik etmişdi. Bununla bağlı bizdə bir informasiya getmişdi. Ona görə qəzetimizin redaksiyasına həmin fərari əsgərlər hücum etmişdilər.
- O vaxt Müdafiə Nazirliyi bu hadisəyə necə reaksiya vermişdi?
- O vaxt hələ Müdafiə Naziriliyi təzə-təzə formalaşırdı. Bu cür hadisələri hakimiyyətin məqsədli şəkildə etdiyi iddiasında deyiləm. Sadəcə olaraq, dövrün qarmaqarışıqlığı, xaosu ilə əlaqədar idi. Hücum edən əsgərlərin heç biri qatil deyildi. İçəri girəndə güllə də atmadılar. Cəbhədəki məğlubiyyətin, keçirtdikləri psixoloji sarsıntıların yaratdığı aqressiyya idi... Onları sakit danışa-danışa yola verdik. Amma məqsədli şəkildə suyu bulandırmaq istəyənlər də az olmurdu.
- Rəsmi qəzetin baş redaktoru olduğunuz illərdə o vaxtkı hökumətin nöqsanlarını tənqid etmisiniz, yoxsa, ört-basdır etməyə çalışmısınız?
- “Azərbaycan” qəzetinin baş redaktoru olduğum illərdə həmin qəzetdə hakimiyyətin yüksək eşalonunda təmsil olunan adamlar-prezident də, parlamentin sədri də, baş nazir də və digər nazirlər də tənqid olunurdu. Bugünkü jurnalistikada o cür tənqidi çıraqla da axtarsanız tapa bilməzsiniz. Biz eyni kursun adamları idik. Əlbəttə, nöqsanlar olanda tənqid edirdik. Rəsmi qəzet tənqidçi jurnalistika yolunda idi. Eyni zamanda hakimiyyətin tərəfdarı idi.
- Bir çox jurnalistlər sizi özünüzə müəllim sayırlar.
- Guya mənim mifik məktəbimin yetirmələridir. Belə intervyülər verirlər. Bu məsələyə münasibətim bir az fərqlidir. İnsan həyatda bütün uğurunu özü qazanır. Müəllimlər və ya rəhbərlər öz işlərini vicdanla yerinə yetirməlidirlər. Mənim rəhbərliyim altında yüzlərlə jurnalist fəaliyyət göstərib. Onların hamısı məşhur jurnalist olmadı ki?! Sehrli çubuğum olsaydı onların hamısını böyük jurnalist edərdim. O adamın ki, az-çox qabiliyyəti, həvəsi, müəyyən vərdişləri var, onun üçün şərait yaratmaq lazımdır. Mən də həmişə belə bir mühit yaratmış, bildiyimi və təcrübəmi əsirgəməmişəm. Əslində elə bu mənim borcum idi və sadəcə, borcumu yerinə yetirmişəm. Təəssüf ki, həyatda bəzən başqa cür olub. O mühiti yaratmağa borclu olanlar bunu etmir və yaxud edə bilmirlər. Bəzən istedadlı adamlar gözümçıxdıya salınır. Tabeçiliyində olan adamlara başqa meyarlarla baxırlar. İş, əqidə, peşəkarlıq meyarı ilə yox. Mənsə məndən asılı olan işi vicdanla görməyə çalışmışam.
- Jurnalist yetirmələrinizdən kimlərin adını çəkə bilərsiniz?
- Ad çəkə bilmərəm. Özləri zaman-zaman mənim adımı çəkiblər. Çox sağ olsunlar. Hər xoş sözə görə onlara təşəkkür edirəm. Məsələyə mənim yanaşmam isə dediyim kimidir.
- Bugünkü TV-lərinın fəaliyyəti jurnalist olaraq sizi qane edirmi?
- Qətiyyən. Televiziyanın 3 əsas funksiyası var. İnformasiya, tədris və əyləncə. Bizim TV-də informasiya və tədris yoxdu. Yeganə əyləncə funksiyasıdır ki, TV-lərimiz onun da şitini çıxarıblar.
- Bəs jurnalistikadan niyə uzaqlaşdınız?
- Partiyada da əsas fəaliyyətim elə jurnalistikayla bağlıdır. Mətbuat məsələləri üzrə məsulam. Praktik jurnalıstikadan getsəm də, jurnalistikadan tam ayrılmamışam. Jurnalistika daha çox gəncliyin peşəsidi.
- Sonuna qədər jurnalistikada qalıb işləyənləri uğursuz adlandırırlar. Bəlkə siz də 38-39 yaşınızda məhz, buna görə əsas peşənizdən ayrıldınız?
- Yaşlaşandan sonra reportyorluq çətin olur. Jurnalistikanın başqa sahələri var ki, orda fəaliyyət göstərmək olar. Bizim artıq xatirə yazan yaşımızdı (gülür).
- Jurnalistlərin sosial durumu da yaxşı deyil.
- Jurnalistin vəziyyəti Azərbaycan xalqının vəziyyətilə adekvatdı, eynidi. Ölkədə böyük əksəriyyətin sosial durumu necədirsə jurnalistin də vəziyyəti elədir.
- Jurnalist kimi fəaliyyət göstərdiyiniz müddətdə jurnalistikanın üç dövrünü yaşamısınız. Hansı fərqlər olub?
- Jurnalistika cəmiyyətin əksidir, güzgüsüdür. Bütün dövrlərdə jurnalistika cəmiyyətin əksi olub. Bu peşə hansı cəmiyyətdə mövcuddursa, həmin cəmiyyətin atributları, ənənələri, vərdişləri jurnalistikada öz əksini tapır. Sovet dövründə jurnalistika sərt nəzarət altında idi. Qəzetlər ciddi senzura altında çıxırdı. Xalq hərəkatı dövründə çox böyük bir imperiyanın dağılma prosesi gedirdi. Belə proses dünyanın istənilən nöqtəsində olanda ciddi kataklizmlər və xaosla müşaiyət olunur. Cəmiyyətdə silkələnmələr olur. O dövrün mətbuatında da bu əlamətlər var idi. İndiki dövrdə isə bizdə avtoritar idarəçilik formalaşıb. İlkin siyasi senzura olmasa da, mətbuata, jurnalistlərə olan aramsız təzyiqlər onların içində daxili senzura yaradıb. Bu ilkin senzuradan daha pisdir.
- Jurnalist işlədiyiniz dövrdə mətbuatda şouya münasibət necə idi?
- Əvvəllər şou mətbuatın əsas mövzusu deyildi. Mətbuat elə məsələləri az işıqlandırırdı.
- Bu gün siyasətdə də şou nümayəndələri var.
- Siyasəçilər də xalqla, ictimai rəylə işləyirlər. Ona görə də siyasətçinin ən çox hörmət etdiyi (həm də çəkindiyi!) ictimai institut, şübhəsiz ki, mətbuat, peşə sahibi isə jurnalist olmalıdır. Siyasətlə məşğulsansa, siyasi iddian varsa, mətbuatla münasibətlərini normal saxlamağa məcbursan. Dünyanın heç bir yerində siyasətçilər jurnalistləri sevmirlər. Amma dünyanın hər yerində siyasətçilər jurnalistlərlə hesablaşmağa və yola getməyə məhkumdurlar. Təbii ki, söylədiklərim hamısı demokratik cəmiyyətlərə aiddir.
- Son zamanlar internet qəzet jurnalistikasını məhdudlaşdırıb.
- Qəzet jurnalistikasının öz dövrünü başa vurmasından danışmaq hələ tezdir.
- Amma oxucu kütləsini itirib artıq....
- Razıyam. Yaxın perspektivdə internet televiziyaların da ciddi rəqibinə çevriləcək. Çünki internetin imkanları onların hər ikisindən genişdir. Qəzetdə məkan, TV-də isə zaman problemi var. İnternetinsə nə məkan, nə də zaman problemi var. Elə internetlə rəqabətin perspektivsizliyini gördüklərinə görə qəzetlər də, televiziyalar da onunla rəqabətə girmədi, “dostlaşmaq” yolunu tutub “onlayn” versiyalarını yaratdılar. Görünən budur ki, gələcək internetə məxsusdur. Amma ciddi təşvişə düşməyə də dəyməz. Nə indiki, nə də gələcək nəsillərin heç biri qəfil hansısa bir səhəri qəzetsiz və televiziyasız açacaq. Bu tədricən baş verəcək, əks təqdirdə bəşəriyyət keçirdiyi şokdan iflic olar. Avtomobilin yaşı bir əsri ötür, amma at arabası hələ də zəruri minik və yük (hətta bəzən bəzək!) vasitəsi kimi öz funksiyalarını tam itirməyib.
- Jurnlistikaya qayıtsanız qəzetə üstünlük verərsiniz yoxsa internetə?
- Bu gün oxucu kimi daha çox internetdən informasiya alıram.
- Siyasətə qatılanda ailə həyatı qurmuşdunuz?
- Bəli.
- Nə yaxşı xanımınız sizi getdiyiniz yoldan çəkindirmədi?
- Hərəkat başlayandan içində olmuşam. Böyük tərəfdarlarından olmuşam. Müstəqillik uğrunda mübarizədə fəal iştirak eləmişəm. Xanımımdan seçimimə qarşı heç bir təpki görməmişəm.
- Yəqin sevib ailə qurmusunuz.
- Sevib ailə qurmuşam. Düşünürəm ki, ailə sevgi üzərində qurulmalıdır. Hətta , Allah eləməmiş, o ailə dağılacaqsa, belə sevib ailə qirmaq lazımdı.
- Necə tanış olmusunuz?
- Bir yerdə işləmişik.
- Bu gün baş redaktorların fəaliyyətini necə qiymətləndirisiniz?
- İndi istənilən qəzet öz baş redaktoruna oxşayır.
- Milil Şuranın fəaliyyətini müxalifət jurnalisti kimi necə dəyərləndirirsiniz?
- Milli Şura Azərbaycanın çox görkəmli ziyalısı Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaranıb. Şuranın qarşısına qoyduğu konkret hədəflər var. Ölkədə qanunun aliliyinə əsaslanan demokratik dövlət yaratmaq və azad vətəndaş cəmiyyəti formalaşdırmaq. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox vacib məsələdir. İnanıram ki, Milli Şura bu məsələlərin öhdəsindən gələ bilər.
- Vahid namizəd məsələsində Rüstəm İbrahimbəyovu hamı dəstəkləmir axı.
- Məncə Milli Şurada olanların mütləq əksəriyyəti Rüstəm İbrahimbəyovu dəstəkləyir.
- Amma Rüstəm İbrahimbəyov burda yoxdu.
- Deyir ölkəyə gələcək.
Namidə BİNGÖL