Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib. Ardınca Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə xəbərlərdən sonra erməni mətbuatında məlumat yayılıb ki, rəsmi İrəvan artıq Qarabağdakı ermənilərə pasport verməyəcək. Separatçıların yaratdığı "Ardarutyun" adlı partiyanın "liderlərindən" biri Arşak Abrahamyan özünün sosial media hesabında yazıb ki, Ermənistan artıq Qarabağ ermənilərinə pasport verməyəcək. O, həmçinin qeyd edib ki, Qarabağda yaşayan ermənilərin bank kartları bloklanacaq və təqaüdlər ləğv ediləcək.
Maraqlıdır, Ermənistan Qarabağdakı ermənilərə pasport verməkdən niyə imtina edir? Sərhəddəki hadisələrin bununla bağlılığı varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti ermənilərin Qarabağı kütləvi şəkildə tərk etməsindən narahatdır:
"Azərbaycanın Qarabağdakı ermənilərlə bağlı mövqeyi konkret və dəqiqdir. Azərbaycan dəfələrlə Qarabağda yaşayan ermənilərə bu məsələ ilə bağlı xəbərdarlıq edib. Ermənilər ya idarəçiliyimizi qəbul edib bizimlə birgə yaşamalı, ya da ərazilərimizi tərk etməlidir. İrəvan Qarabağdan kütləvi köçün, Ermənistan vətəndaşı olub, orada yaşamasının qarşısını almaq üçün belə addımlara əl atır".
Ceyhun Məmmədov deyib ki, ermənilər son hadisələrdən nəticə çıxarmalıdır:
"Bizim mövqeyimiz aydındır. Azərbaycan hansısa qeyri-adekvat, ümumdünya nizamına zidd addım atmır. Burada ermənilər öz seçimlərini etməlidirlər. Bütün hallarda bizimlə bir yerdə yaşamağı, Azərbaycanın tabeçiliyində olmağı qəbul etməlidirlər. Yaxud o əraziləri tərk edib özlərinə başqa yaşayış məkanı seçməlidirlər. Ərazilərimizdə yaşamaları üçün idarəçiliyimizi qəbul etmələri mütləqdir. Hesab edirəm ki, ermənilər bundan dərs çıxarmalıdırlar. Qarabağ erməniləri anlamalıdırlar ki, bu gün Ermənistan onlara sahib çıxmır, pasport vermir. Onlar bunu birdəfəlik başa düşməlidirlər. Biz uzun illərdir ki, Ermənistana xəbərdarlıq edirdik. Onlar vaxtında nəticə çıxarsaydılar, indi başqa bir mənzərinin şahidi olardıq".
Politoloq Natiq Miri isə ermənilərin bir-birinə zidd informasiya yaydığını bildirib:
"Doğrudur, Qarabağdakı separatçılardan biri belə bir açıqlama verib. Ancaq başqa informasiya da var. Ermənistan dövləti may ayına qədər pasportların dəyişdirilməsinin sürətləndirilməsini bəyan edib. Ermənistan pasportlarının vaxtı bitdiyi üçün Qarabağda yaşayan ermənilər pensiyalarını ala bilmirlər. Ermənistan rəsmiləri bu istiqamətdə fərqli açıqlamalar veriblər. İnformasiyaların hansını həqiqət kimi qəbul etmək bizim üçün çətindir".
Politoloqun fikrincə, ermənilər iki istiqamətdə hərəkət edir: "Sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi gerçəyini ortaya qoydu. Bu hadisənin geri dönüşü olmaz proses olduğunu Ermənistan bilməmiş deyil. Ermənistan bu gün iki istiqamətdə hərəkət edir. Bir yandan Rusiyaya təzyiq göstərir ki, özünün dırnaqarası məsuliyyət zonasında olan Laçın dəhlizinə nəzarəti bərpa etsin. Bununla da keçid məntəqəsi ləğv olunsun. Digər tərəfdən Azərbaycana beynəlxalq təzyiqi artırmaq üçün Qərb strukturları ilə paralel işləməyə başlayıb. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti üçün reallıq məlumdur. Ermənistan 1da anlayır ki, bu, cavabı əvvəlcədən verilmiş sualdır. Artıq keçid məntəqəsində Azərbaycan bayrağı qaldırılıbsa, Azərbaycan Prezidentinə məruzə edilibsə, həmin buraxılış məntəqəsini, nəinki rus sülhməramlıları, bütün dünya dövlətləri gəlsə belə aradan qaldıra bilməz. Nikol Paşinyan daha çox dünyanın, beynəlxalq birliyin bu istiqamətdə nə qədər fərsiz fəaliyyət göstərdiyini erməni ictimaiyyətinə bəyan etmək istəyir. Yəni bu növbəti bəhanə üçün tutacaqdır. Qarabağda yaşayan ermənilərin reallıqları qəbul etməsi uzun çəkməyəcək".
Natiq Miri vurğulayıb ki, sərhəd-buraxılış məntəqəsi Qarabağdakı erməniləri Azərbaycan pasportu almağa məcbur edəcək:
"Bunu Ermənistan hakimiyyəti də başa düşür. Sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra atılacaq addımlar Ermənistan hökumətinə bəllidir. Hökumətdəki əndişə bununla bağlıdır. Növbəti addım erməni silahlı birləşmələrinin tərk-silah edilməsidir. Bundan sonra separatçı rejimin başında duranların orada rahat yaşaması mümükün deyil. Ya həbs olunacaqlar, ya da hansısa yolla Qarabağdan qaçmalı olacaqlar. Bundan sonra inteqrasiya prosesi başlayacaq. Başqa bir reallıq da var. Sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra gömrük strukturlarının, müəyyən aparatların-skayner aparatlarının qurulması mexanizmi də növbəti addım kimi düşünülür. Ermənistan bunu bilməmiş deyil.
Bildiyimiz kimi, keçid məntəqəsində pasport rejimi tətbiq olunacaq. Bu da Qarabağda yaşayan ermənilər üçün ciddi problem yaradacaq. Çünki Qarabağı tərk edib, Ermənistana gedənlər geri qayıdarkən Ermənistan pasportu ilə Azərbaycana daxil ola bilməyəcəklər. Bunun üçün Azərbaycan dövlətinin razılığı və vizası olmalıdır. Belə bir razılıq və viza olmadığı üçün Qarabağda yaşayan ermənilər mütləq şəkildə Azərbaycan vətəndaşlığı və şəxsiyyət vəsiqəsini almalı olacaq. Ermənistan tərəfi yaxşı bilir. Bu informasiya, bəlkə də, Qarabağda ictimai rəyi hazırlamaq üçün ortalığa atılıb və özündə müəyyən həqiqət yükünü daşıyır".