Modern.az

Sülhməramlıların yeni komandanı Qarabağda nəyi dəyişəcək? - ŞƏRH

Sülhməramlıların yeni komandanı Qarabağda nəyi dəyişəcək? - ŞƏRH

Qarabağ

28 Aprel 2023, 10:10

2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli bəyanat imzaladılar. Bəyanata görə, Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi razılaşdırılıb.

 

Sülhməramlı kontingentə komandanları Rusiya Müdafiə Nazirliyi təyin edir. İlk komandan general-leytnant Rüstəm Muradov oldu, daha sonra onu general-mayor Mixail Kosobokov əvəz etdi. Mixail Kosobokov da uzun müddət komandanlıq edə bilmədi. Onu general-mayor Andrey Volkov əvəzlədi. İndi isə Volkov da vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri olmuş general-polkovnik Aleksandr Lentsov təyin edilib. Bununla da Rusiya Qarabağa dördüncü komandanını təyin etmiş oldu.

 

Yeni komandanın yüksək rütbəli və Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri olması, eyni zamanda bu təyinatın Laçında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra edilməsi müəyyən suallar yaradır. A.Lentsovun təyinatı nədən xəbər verir? Nələri dəyişəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki,  komandanların dəyişməsi heç bir əhəmiyyət kəsb etmir:

 

"Komandanların biri gəlir, biri gedir. Yeni komandanın Sergey Şoyqunun yaxın adamı olduğunu bilirəm. Komandanın kim olmasının fərqi yoxdur. Məsələni həll edən mərkəzdir, yəni Moskvadır. Moskvanın tapşırıqları və mövqeyi nə olacaqsa, nə təlimat veriləcəksə, komandan onu da həyata keçirəcək. Komandan kimdir ki, öz başına burada nəsə etsin. Xeyr, qətiyyən, belə şey mümkün deyil".

 

 

Deputat sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra Rusiyanın Azərbaycana qarşı səmimi olacağına inandığını bildirib:

 

"Moskvaya, Rusiya dövlətinə qarşı səmimi dostluq, əməkdaşlıq müqabilində eyni münasibəti gözləyirik. Allahın köməyi ilə belə də olacaq. Çünki Azərbaycan öz fəaliyyətində beynəlxalq hüququn bütün normalarına əməl edir. İmzalanmış sənədlərin bütün tələblərinə uyğun hərəkət edir. Azərbaycan Rusiya ilə əlaqələrini daha da inkişaf etdirmək istəyir. Qonşuluq, əməkdaşlıq əsas istəyimizdir. Prezidentimizin siyasəti sayəsində proseslərin belə də olacağını düşünürəm".

 

Hərbi ekspert Üzeyir Cəfərov da yeni komandanın nəyisə dəyişəcəyinə inanmadığını bildirib:

 

"Rotasiya vaxtı gəldiyinə, yəni Andrey Volkovun vaxtı başa çatdığına görə onu yeni komandanla əvəzləyiblər. Bunun Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi qoyması ilə heç bir əlaqəsi yoxdur. Bəzən yeni komandanın general-polkovnik olmasını qabardırlar. Olsun da. Rusiyada kimə daş atırsan, generala dəyir.  Bu dəyişiklik heç nəyi həll etməyəcək. Moskvadan hansı göstəriş verilibsə, o da onu yerinə yetirəcək. Lentsov olmasın, başqası olsun, Rusiya Müdafiə Nazirliyinin tapşırıqları yerinə yetiriləcək”.

 

 

Onun sözlərinə görə, yeni komandan general-leytenant Andrey Volkovun başladığı biznesi biraz da sürətlə davam etdirəcək: "Çünki vaxt azdır, sovet termini ilə desək, 5 illiyi 3 ildə yerinə yetirməyə çalışacaq".

 

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan tələbkar olmalıdır:

 

“Tez bir zamanda bəzi məsələləri həll etmək lazımdır. Bundan sonra biz sülhməramlılara nə tapşırıq verəcəyiksə, onu da edəcəklər. Yumşaqlıq göstərsək, yenə də əvvəlki kimi biabırçılıqlarını davam etdirəcəklər. Tələbkarlıq olmalıdır. Bəyanatın müddəalarını yerinə yetirməlidirlər. Xüsusilə də 4 maddə həyata keçirilməlidir. Belə olacağı halda  problemlərin sayı azalacaq. Əksinə olduğu halda problemlər davam edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI