2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ümumilikdə, bu vaxta qədər 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa etdirilərək müharibə əlillərinə verilib.
Qeyd edək ki, ölkə rəhbərinin müvafiq tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Eyni zamanda, son illərdə çoxmənzilli binaların inşasına xüsusi diqqət yetirilir. Əgər əvvəllərdə əksərən ikimərtəbəli 16 və 4 mərtəbəli 36 mənzilli binalar inşa olunurdusa, son illərdə 9 mərtəbəli 81 mənzilli və 12 mərtəbəli 96 mənzilli binaların inşası da geniş vüsət alır.