Avropa Şurası Parlament Assamleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasında iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün vaxtı açıqlanıb. Bu barədə Modern.az saytına Azərbaycan nümayəndə heyətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan və Ermənistan parlament üzvləri iyunun 26-da görüşəcəklər. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, qapalı masa arxasında keçiriləcək görüşdə ciddi polemikaların olacağı istisna deyil.
Əldə etdiyimiz məlumata görə, nümayəndə heyətlərinin tam tərkibdə iştirak edəcəyi görüşə AŞPA sədri Jan Klod Minyon da qatılacaq.
Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, hakim “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Naira Zoqrabyan da erməni mətbuatına verdiyi açıqlamada
Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşünün mühüm əhəmiyyət kəsb etidiyni bildirərək, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətlərinin də müzakirə olunacağı bildirib.
Qeyd edək ki, AŞPA-nın yay sessiyasında ölkəmizi Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu -Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov təmsil edirlər. Sessiya iyunun 28-dək davam edəcək.
Anar RÜSTƏMOV