Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə qurumun monitorinq komitəsinin yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaqla bağlı AzərTAc-a verdiyi müsahibəsində deyib ki, Azərbaycan üzrə həmməruzəçilər ispaniyalı deputat Pedro Aqramunt və Cozef Qrex Debano (Malta) ölkəmizə səfərləri barədə məlumat verib və komitə üzvləri bu səfərin yekunlarını müzakirə ediblər
Nümayəndə heyətinin rəhbəri kimi müzakirə olunan məsələyə münasibət bildirdiyini qeyd edən S.Seyidov yığıncaq iştirakçılarının diqqətini Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sessiyanın ilk iş günündə ölkəmiz barədə söylədiyi böhtan xarakterli və qərəzli fikirlərə yönəltdiyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin ermənistanlı nazirin üzdəniraq çıxışını Avropa Şurası üçün bağışlanmaz hesab etdiyini bildirən S.Seyidovun fikrincə, Nazirlər Komitəsinin sədri kimi yüksək vəzifədən istifadə edərək bu mötəbər təşkilatda yalan məlumatlar yaymaq və bununla deputatlarda yanlış fikir yaratmağa cəhd göstərmək yolverilməzdir. Əslində, bu Azərbaycana qarşı açıq təxribat kimi qiymətləndirilməlidir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri müsahibəsində onu da vurğulayıb ki, monitorinq komitəsi üzvlərinin əksəriyyəti erməni nazirin dünənki çıxışını məhz təxribat xarakterli addım kimi dəyərləndirib və E.Nalbandyanın bu formada danışmasını Avropa Şurasında qəbulolunmaz davranış forması kimi səciyyələndiriblər.
Modern.az