Modern.az

Zəngəzur dəhlizinin açılmasına AZ QALDI...

Zəngəzur dəhlizinin açılmasına AZ QALDI...

30 Aprel 2023, 14:38

Laçın-Xankəndi yolunda 138 gün davam edən ekoloji aksiya müvəqqəti dayandırılıb. Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması, yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi əsas gətirilərək aksiyanın dayandırılmasına qərar verilib. 

 

Tarixdə bir ilk olan aksiyanın qismən öz məqsədinə çatdığını demək olar. Bu aksiya Azərbaycan vətəndaş cəmiyyətinin gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistan və bu ölkənin havadarları çalışsalar da, ekofəallar geriyə bir addım belə atmadan haqlı mübarizələrini davam etdirdilər. Nəhayət, Azərbaycan dövlətinin qətiyyəti sayəsində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasına nail olundu və bununla da sərhədlərimiz nəzarətə götürüldü. 

 

Aksiyanın dayandırılmasından sonra bütün diqqətlər Zəngəzur dəhlizinə yönəlib. Yaxın zamanlarda Azərbaycanın bu istəyinə də çatacağı şübhə doğurmur. İndi başlıca hədəf Zəngəzur dəhlizinin açılmasıdır.

 

Bəs dəhlizin açılması üçün hansı addımlar atılacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov əvvəlcə ekofəalların aksiyasını dəyərləndirib. Eks-nazir bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın uğurlu olduğunu demək olar:

 

"Artıq Ermənistanla sərhəddə buraxılış məntəqəsi açılıb. Yol nəzarət altındadır. Ekofəallardan sonra polis və Daxili Qoşunların hərbçiləri bütün yolu nəzarətə götürüb. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə bunun geci-tezi var. Digər qüvvələr də yolun açılmasında və ondan istifadə etməkdə maraqlıdır. Dəmiryolu və avtomobil yolu onları həm Naxçıvanla, həm İranla, həm Türkiyə ilə, həm də körfəzlə bağlaya bilər. Böyük oyunçular dəhlizin açılmasında maraqlıdırlar. Zəngəzur yolu birmənalı olaraq açılacaq. Mənim buna heç bir şübhəm yoxdur".

 

Sabiq nazirin fikrincə, Ermənistan hakimiyyəti dəhlizin əhəmiyyətini başa düşür:

 

"Hazırda danışıqlar gedir. Rusiya, Ermənistan və Azərbaycan arasında Baş nazirlərin müavinləri səviyyəsində müzakirələr gedir. Bir neçə görüş keçirilib. Mən belə başa düşürəm ki, Ermənistanda da bunu anlayırlar. Ermənistan rəhbərliyi dəhlizin onlar üçün faydalı olduğunu dərk edir. Çünki dəhliz sayəsində büdcə gəlirləri artacaq. Ona görə də layihəni həyata keçirməkdə maraqlı olmalıdırlar".

 

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycan ekofəalları, QHT-lər tarix yazdılar. Onlar bir daha göstərdilər ki, Azərbaycan xalqı öz hüquqları, təbii sərvətləri uğrunda necə mübarizə aparır və nəticə əldə edirlər:

 

"Əslində ekofəalların aksiyası həm də erməni vandalizminin ifşasına səbəb oldu. Bütün dünya bizim ekofəalların aksiyasının timsalında gördü ki, Azərbaycan ərazisində ekosid törədilir. Bu hərəkat qismən də olsa mübarizənin birinci mərhələsində öz məqsədinə çatmış oldu. Ermənilər artıq bizim mədənlərimizi istismar edə bilməyəcək. Əlbəttə ki, bu, məsələnin hamısı deyil. Düşünürəm ki, ekofəallarımız bundan sonrakı mərhələdə ekoloji monitorinqin keçirilməsi üçün mübarizə aparacaqlar. Hər halda biz bunu ekofəallarımızın birinci mərhələdə böyük uğuru, qələbəsi hesab edə bilərik".

 

 

Deputatın sözlərinə görə, növbəti mübarizə Zəngəzur dəhlizi istiqamətində olacaq:

 

"Laçın yolunun başlanğıcında, Ermənistan və Azərbaycan arasında sərhəd qoymaqla məsələnin bir qismini həll etdik. Amma Ermənistan bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirmirdi. Üçtərəfli bəyanatın tələblərini pozurdu və Laçını humanitar yol olmaqdan çıxarıb, onun vasitəsilə Azərbaycan ərazisinə terrorçuları, minaları ixrac edirdi. Azərbaycan ərazilərinə qanunsuz şəkildə silah-sursat ixrac olunurdu. Buna son qoyuldu. Ermənistanın başqa bir öhdəliyi üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd olunub. Burada söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Dəhliz vasitəsilə Azərbaycanın qərbinə maneəsiz keçid təmin olunur. Növbəti mübarizəmiz hesab edirəm ki, bu istiqamətdə olmalıdır. Beynəlxalq ictimaiyyət də, üçtərəfli bəyanata imza atan qonşu Rusiya da Ermənistana təzyiq etməlidir ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin və Zəngəzur dəhlizi vasitəsilə azərbaycanlıların sərbəst və maneəsiz keçidi təmin olunsun".

 

Azərbaycan buna necə nail olacaq?

 

H.Babaoğlu suala cavabında deyib: "Hər şeydən öncə ortada imzalanmış bir sənəd və öhdəlik var. Bu öhdəliyin  yerinə yetirilməsinin qarantı var. O da 3-cü bir tərəf olan Rusiyadır. Buna görə də ilk növbədə Rusiya təzyiqləri artırmalıdır. Digər yandan Azərbaycan bütün diplomatik üsullardan və beynəlxalq hüquq təşkilatlarından gözləyir ki, onlar da Ermənistana təzyiq göstərsinlər. Haqlarımız uğrunda aparılan mübarizə üsullarından istifadə olunmağa davam ediləcəyini düşünürəm"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?