Modern.az

Anama məktub

Anama məktub

26 İyun 2013, 17:51

Salam, Ana!..

Necəsən? Şükür Allaha, mən yaxşıyam! Əsgəri xidmətim də əla keçir. Məndən nigaran qalma!..

Bu günü – 26 iyun 2013-cü il tarixini isə əsgəri xidmətimin ən unudulmaz günü sayacağam bundan sonra. Çünki bu gün Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm paradında mən də əsgərlər arasında idim! Bundan böyük fəxarət ola bilməz! Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dayandığı tribunanın önündən keçərkən ürəyim köksümə sığmırdı! Dövlətimizlə, bayrağımızla, himnimizlə, Ordumuzla bir daha qürur duydum! Azərbaycan əsgəri olmağımla fəxr etdim!..

İnanıram ki, bu xəbər səni də çox sevindirəcək!...

Mən Azərbaycan əsgəriyəm – bu, çox şərəfli bir təqdimatdır, Ana. Çünki əsgər Vətənin, Ananın keşiyində dayanan, onu qoruyan bir şəxsə deyirlər. Demək, sənə güvənirlər! Əsgəri xidmətin müqəddəsliyi də elə bundadır!

Azərbaycanıma – ikinci Anama xidmət etməkdən qürur duyuram. Hələ uşaq vaxtı mənə öyrətdiyin şeir yadındadırmı?

Vətən gözdür, biz kirpik,
Gözümüzün keşiyini çəkirik!..

İndi sənin öyrətdiyin kimi, “GÖZ”ümüzün keşiyini çəkirəm, Ana!  

Ötən il Universiteti bitirib magistraturaya qəbul oldum. Hamıdan çox sən sevinirdin. Elə bu vaxt mənə hərbi xidmətə çağırış gəldi. Magistr təhsilindən imtina edib, əsgər getməyə qərar verdim. Elə bilirdim etiraz edəcəksən. Amma sən: “Vətən haqqı – Ana haqqı!” dedin. Dedin ki, sən tək mənim yox, həm də Azərbaycanın övladısan! Ən əvvəl ona xidmət borcundan çıxmalısan! Təhsili isə hərbi xidmətdən sonra da davam etdirərsən!..

Əsgəri xidmətim boyu hiss edirəm ki, hələ haqqından çıxmalı olduğumuz çox BORCumuz var!

Azərbaycan bayrağını da sən sevdirmisən mənə, Ana! Uşaq vaxtı üçrəngli bayraq almışdın, elə bilirdim bu da oyuncaqdır. Amma dedin ki, bu, oyuncaq deyil, bu, bir dövlətin, bir xalqın, bir millətin simvoludur! Dayım şəhid olanda da çox balaca idim. Hələ ağlım kəsmirdi. Bilmirdim Vətən nədir, əsgər nədir, şəhid nədir. Amma bayrağımızı tanıyırdım. O da yadımdadır ki, dayımı bayrağa bükmüşdülər, nənəm dayımın büküldüyü bayrağı sığallayıb ağlayırdı. Sən də ağlayırdın. Amma sənin ağlamağını heç istəmirdim, o dəqiqə məni də ağlamaq tuturdu. Böyüdükcə hər şeyi anladım. Mən istəmirəm analar ağlasın! Qoy Azərbaycan anaları tək bircə dəfə, Qarabağdakı qalib əsgərlərimizi qarşılayanda sevincdən ağlasınlar!..

Hərbi xidmətə yola düşdüyüm, əsgər kimi and içdiyim günlər xatirindədirmi? Mən Azərbaycan Ordusunda xidmət etməyin necə şərəfli bir borc olduğunu həmin günlərdə daha çox hiss etdim. Azərbaycan bayrağının dünyanın ən gözəl bayrağı olduğunu bir də onda anladım! Andiçmə mərasimi də pozulmaz yaddaşımdır! Həmin gün hərbi hissəmiz çox möhtəşəm görünürdü. Meydan, həm də valideynlərlə dolu idi. Bilirdim ki, sən də onların arasındasan. Etiraf edirəm, həyəcanlı idim. Amma içimdəki qürur hissi digər duyğuları çoxdan üstələmişdi. İlk dəfə idi ki, məni Azərbaycan əsgərinin geyimində görürdün. Atam “əsgər atası”, sən isə “əsgər anası” idin! Sonra Azərbaycana sədaqət andı içdik! O gündən çox keçib...

İndi hərbi hissəmizə çox öyrəşmişəm. Ən çox alışdığım isə sübh tezdən, saat 6 tamamda oyanmaqdır. Səhər idmanı, sıra düzülüşü, məşqlər də öz yerində. Sözün düzü, ilk vaxtlar bir az çətin idi. Ciddi rejim, tələbkarlıq, dəmir nizam-intizam. Komandir və rəislərin tapşırıqlarını dərhal və sözsüz yerinə yetirməlisən! Nahaq yerə əsgərliyə “kişilik məktəbi” demirlər ki. İnsan bu məktəbi keçərək bərkiyir. Bunun üçün də qətiyyətli, iradəli, dözümlü olmalı, hərbin sirlərinə dərindən yiyələnməlisən...

Burada kitab oxumağa, informasiya proqramlarını izləməyə də imkanımız olur. Ölkəmizin inkişafı, uğurları ilə bağlı hər bir xəbərdən ürəyim dağa dönür. Bilirsən, idmanı çox sevirəm. London Yay Olimpiya oyunlarında idmançılarımızın qələbəsi, Azərbaycan peykinin orbitə çıxarılması əsgəri xidmətim boyu aldığım ən sevindirici xəbərlərdəndir!...

Bir şad xəbəri isə bizdən gözləyin, Ana! Azərbaycan əsgərindən!..

...Yaxşı bilirsən, Ana, mənim bir yaşıdım da var – Xocalı faciəsi. O “yaşıdım”ı da ilk dəfə sən tanıtmısan mənə. 1992-ci il, Xocalı faciəsindən cəmi 5 gün sonra ermənilər Ağdam şəhərini gülləbaran edirlər, siz Qərvənd kəndinə üz tutursunuz, mən həmin kənddə dünyaya göz açıram. Bir yaşım olanda Ağdam da işğal olunur. Nə Xocalını, nə Ağdamı, nə də Qarabağı görmüşəm. Amma o yerləri ruhumla, canımla hiss edirəm. Heç birini unutmaram. Ən çox unutmadığım isə Xocalıdır. Çünki Xocali “öləndə” mən doğulmuşam. Böyüdükcə həmin günün mahiyyətini daha dərindən dərk etmişəm və qəzəblənərək yumruqlarımı düyünləmişəm. İndi anladığım bir şey var: o günün qisasını almaq!..

Bir BORCum da var, Ana...

Bu barədə ilk dəfədir yazıram sənə. Evimizdə sənin tutiya kimi əzizlədiyi üç əmanət var, göz bəbəyi kimi qoruyursan onları. Səliqə ilə yan-yana düzmüsən rəfin üstünə. Biri babamın, nənəmin və dayımın bir yerdə olan şəklidir. Montaj olunmuş şəkildir, üçünü bir yerə sən “yığdırmısan”. O biri şəhid dayımın əsgər papağıdır. Digəri isə bir topa açardır. Bu açarlar ölümündən sonra dayımın cibindən çıxıb. Ağdamdakı evinizin açarlarıdır. O evə qayıdacaqlarına çox inanırmış dayım, açarları cibində gəzdirirmiş. Sənin bu əmanətlərə necə həsrətlə baxıb kövrəldiyini çox görmüşəm...

Şəklin mənası aydındır: üçü də nakam gedib bu dünyadan. Yeganə dayım şəhid olub, babam onun ölümünə dözməyib, nənəm də hər ikisinin dərdi ilə bu dünyadan köçüb. Dayımın əsgər papağını və açarları niyə saxladığını isə heç vaxt soruşmamışam səndən. Heç soruşmayacağam da. Çünki artıq səbəbini bilirəm. O papaq şəhid Azərbaycan əsgərinin yadigarıdır. Müqəddəsdir! Və bir igid oğul gözləyir ki, onu başına qoyub Qarabağa getsin! O açarlar bir müqəddəs yurd yerinin açarlarıdır. Bir igid oğul gözləyir ki, o açarları götürüb Qarabağa getsin, o doğma evlərin qıfıllı qapılarını açsın! O gün çox yaxındadır, Ana! O qapıların açılacağı günə çox az qalıb!..

Mən Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin əmrinə müntəzirəm! Ali Baş Komandanımız əmr edərsə, Azərbaycan Ordusunun ön cərgələrində Qarabağa gedəcəyəm! Bir əsgər kimi Azərbaycan Ordusunun qüdrətini, gücünü gördükdən sonra buna daha çox inanıram!.. 

Hələlik bu qədər, Ana! Hər kəsə əsgər salamımı yetir! Hər kəsi Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edirəm!..

Qonşumuz Tariyel əmiyə də salam de. Nümunəvi xidmətimə görə məzuniyyətə gələndə onunla da görüşdüm. Məni görəndə çox sevindi. Bilirsən, nə dedi Tariyel əmi? Dedi ki, Natiq, gecələr çox rahat yatırıq. O dəqiqə zarafatını anladım. Amma mən ona çox ciddi cavab verdim: “Siz hər zaman rahat olun, Tariyel əmi. Müstəqil dövlətimiz, qüdrətli Ordumuz, qətiyyətli Ali Baş Komandanımız, sərvaxt əsgərlərimiz var! Hələ, İnşallah, sizi Cəbrayıla da qaytaracağıq!..”

Görüşənədək, Ana! Öpürəm...

Müstəqil Azərbaycanın hər an gözlədiyimiz Qələbəsini birgə görmək arzusu ilə

Sənin oğlun, Cabbarlı Natiq Fərman oğlu
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, “N” saylı hərbi hissə                                                           

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!