İyunun 26-da Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycan Respublikasının 2013-cü il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib. Bu barədə Modern.az-a Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən məlumat verilib.
“28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO üzv ölkələrinin nümayəndələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.
Modern.az