
Xəzərin Azərbaycan sektorunda qazın işlənməsi üzrə konsorsium Avropaya qaz nəqli üçün "Nabucco West" layihəsini seçməyib. Trend-in məlumatına görə, bu barədə "Nabucco"nun səhmdarlarından biri olan OMV şirkətinin yaydığı xəbərdə deyilir.
"Nabucco" ilə bərabər baxılan ikinci marşrut Transadriatik (TAP) boru kəməri idi və o seçilib.
Yunanıstan hökuməti artıq bu marşrutun seçilməsini alqışlayıb.
TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, buradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində istehsal ediləcək qaza bu layihənin əsas mənbəyi kimi baxılır.
TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcək.
TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.
.......
""Şahdəniz" konsorsiumu Azərbaycan qazının Avropaya hansı boru kəməri ilə daşınmasına dair rəsmi qərarını yaxın bir neçə gündə Bakı şəhərində açıqlayacaq". Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli məmuru OMV şirkətinin saytında yerləşdirilmiş məlumatı "Caspian Barrel" üçün eksklüziv olaraq şərh edərək bildirib.
Onun sözlərinə görə, hazırda konsorsium iştirakçıları yekun qərar açıqlamayıblar və hər hansı bir şirkətin açıqlamasının boru kəmərinin seçimi ilə bağlı heç bir hüquqi əsası yoxdur.
Ancaq bununla belə ARDNŞ rəsmisi onu da təsdiqləyib ki, hazırda "Şahdəniz" konsorsiumu üzvləri boru kəmərləri keçəcək ölkələrdə səfərdədirlər.
"Bu görüşlərdə borunun seçimi haqda qarşı tərəf məlumatlandırılırmı" sualına cavabında isə ARDNŞ nümayəndəsi "hətta bu baş versə belə, konfidensial xarakter daşıyır və rəsmi informasiya yayılanadək heç bir hüquqi əsası olmur" deyə izah edib.
Qeyd edək ki, bu gün OMV şirkəti öz saytında bəyan edib ki, "Şahdəniz" konsorsiumu "Nabucco-West" kəmərini Azərbaycan qazını Avropaya daşıyacaq marşrut kimi seçməyib. Bununla yanaşı şirkət bildirib ki, Nabucco Gas Pipeline International GmbH boru konsorsiumun verdiyi təkliflər rəqabətədavamlı təkliflər olub və heç də əks tərəfin təkliflərindən hansısa bir parametrinə görə geri qalmayıb və ümidvar olduğunu əlavə edib ki, "Nabucco" layihəsinə çəkilən zəhmət digər layihələrin həyata keçməsində özünü doğrulda biləcək.
Modern.az