Modern.az

İlham Əliyevə min dəfə təşəkkür edirik - Türkiyəli deputatlar

İlham Əliyevə min dəfə təşəkkür edirik - Türkiyəli deputatlar

Parlament

1 May 2023, 17:18

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Dövlət başçısı və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

 

Səfər çərçivəsində Prezident İlham Əliyev və Ərdoğan Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoyublar.

 

Azərbaycanın zəlzələdən sonra qardaş ölkəyə dəstək verməsi Türkiyədə böyük rəğbətlə qarşılanıb. 

 

Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Kamil Aydın Modern.az-a bildirib ki, "iki dövlət, bir millət" deyimi Azərbaycan və Türkiyənin ana xəttini təşkil edir. 

 

"İki ölkənin prezidentləri arasında dostluq "iki dövlət, bir millət" anlayışının açıq təzahürüdür. “TEKNOFEST” ötən il Azərbaycanda keçirilmişdi. Bu il Türkiyədə, İstanbulda keçirilən tədbirdə Prezident İlham Əliyev birinci xanımla birlikdə iştirak etdi. Cənab Əliyev bundan əvvəl Türkiyənin qürur mənbəyi olan TOGG aldı. Əlbəttə, biz qardaş ölkələr olaraq hər zaman bir-birimizə dəstək olmalıyıq. Biz Qarabağda Azərbaycanla tək ürək olub, acınız acımız, kədəriniz kədərimiz dedik. Bunun müqabilində həm meşə yanğınlarında, sonra isə əsrin fəlakəti olan zəlzələdə azərbaycanlı qardaşlarımızın acımızı necə paylaşdığının şahidi olduq. Biz dövlətin rəhbərindən tutmuş siravi adamlarına kimi hər kəsdən dəstək gördük", - türkiyəli deputat vurğulayıb.

 

"Cənab İlham Əliyev min mənzilin inşa olunacağını deyib. Bu, tarixi təşəbbüsdür. O mənzillər tarixə düşəcək. Həmin mənzillərə daxil olanlar "bu, bir millət olmağın şüarıdır" deyəcək. Mən Milliyyətçi Hərəkat Partiyası adından Azərbaycana və Prezidenti İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, dostluğumuz bundan sonra da davamlı olsun".

 

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Atilla Sertel isə Azərbaycanın zəlzələnin ilk günündən yardıma gəldiyini xatırladıb:

 

"Zəlzələ olduğu zaman bizim köməyimizə qaçan ilk ölkələrdən biri Azərbaycan idi. Mən Kahramanmaraşda Azərbaycanın yardım qruplarını görmüşdüm. Onlar var gücləri ilə çalışdılar, sonadək bizim yanımızda oldular".

 

Atilla Sertel hər bir mənzilə görə Prezident İlham Əliyevə təşəkkür etdiyini söyləyib:

 

"Azərbaycan bizim can dostumuzdur. Eyni torpaqların övladlarıyıq. İlham Əliyevə ölkəmizdə inşa etdirəcəyi min mənzilə görə min dəfə təşəkkür edirik. Yaxşı ki, Azərbaycan var, yaxşı ki, eyni millətin övladlarıyıq. Bayraqlarımız ayrı olsa da, vətənlərimiz, torpaqlarımız birdir. Allah qorusun, Azərbaycanın başına bir iş gəlsə, yardıma qaçanlardan biri Türkiyə olacaq. Türklərin başına bir iş gələndə də Azərbaycanı həmişə yanımızda gördük. Cənab İlham Əliyevə təşəkkür edirəm, sağ olsun, var olsun!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi