Türkiyənin döyüş qırıcısı “Hürjet” milli silahlarla təmin olunacaq və ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 təyyarələrini əvəz edə biləcək.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, “Hürjet” qırıcısının “TCG Anadolu” milli desant və aviadaşıyıcı gəmisinin göyərtəsində yerləşdirilməsi planlaşdırılır.
Ərdoğan, həmçinin Türkiyə istehsalı olan beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin bir neçə ildən sonra silahlı qüvvələrə təhvil veriləcəyini diqqətə çatdırıb.
“Türkiyə beşinci nəsil təyyarə istehsal edə bilən beş ölkədən birinə çevriləcək. “Kaan” yeni texnologiyalar sayəsində radarlar üçün görünməz olacaq”, - Prezident deyib.
Bundan əlavə, Ərdoğan yaxın günlərdə yeni “Anka-3” döyüş PUA-sının ilk uçuşunun həyata keçiriləcəyini açıqlayıb.