“Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu öndərin “bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır. Halbuki, Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu ildə nail olundu. Əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki helikopter verməkdə risk görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrilib”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə toxunan Z.Oruc Azərbaycan Xalqının Ərdoğana rəğbətindən danışıb.
“Ona görə də Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə keçiriləcək seçkilərə cəmiyyətimizin münasibətini öyrənib. Bəlli oldu ki, vətəndaşlarımızın 90.4%-i seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5.1%-i Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir. Rəcəb Tayyib Ərdoğana rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə, İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyə, Ermənistanla aparılan “sülh danışıqları”nda birgə hərəkətə, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqil siyasətə görədir. Bununla bərabər 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib. Nəticələr bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi, o cümlədən Yaxın Şərq və beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli sayır”,- deyə komitə sədri vurğulayıb.