“Miqrantların törətdiyi cinayətləri çıxsaq, onda Moskva dünyanın ən dinc şəhəri olacaq. Bizim üçün Moskva küçələrində haqqında heç nə bilmədiyimiz və qeydiyyatdan keçməmiş şəxslərin olmaması prinsipial məsələdir”.
Modern.az bildirir ki, bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Moskva meri vəzifəsini icra edən və növbəti dəfə bu posta əsas namizədlərdən biri hesab olunan Sergey Sobyanin qanunsuz miqrantlarla bağlı sualına cavab verərkən deyib.
Sobyanin bildirib ki, qanunsuz miqrantlar Moskvanın böyük probleminə çevrilib. “Şəhər hakimiyyətinin miqrantları cəzalandıra, həbs edə, yaxud deportasiya etməyə hüququ yoxdur. Bu federal hakimiyyətin vəzifəsidir. Lakin biz öz həmkarlarımızın problemin böyüklüyünə uyğun sərtliklə fəaliyyət göstərməsinə çalışırıq”.
Moskva meri həmçinin deyib ki, qeydiyata düşməyən miqrantlar ölkədən çıxarılmalıdır.
“Miqrantlara nəzarət edən federal xidmətlər onları həbs və deportasiya edir. Təkcə həbs və deportasiya deyil, həm də Rusiyada 3 aydan çox yaşayaraq, harada işlədiyini və qeydiyyatdan keçdiyini söyləməyən şəxslərin ölkəmizə buraxılmasına dair qəbul edilən qərarı doğru hesab edirəm. Belə insanlara ölkəmizə gəlməyi avtomatik qadağan etmək lazımdır”.
Sobyanin miqrantların Rusiyaya yalnız xarici pasportla buraxlması barədə qəbul olunmuş qərarı dəstəklədiyini bəyan edib. “Təəssüf ki, bu qərar 2015-ci ilə qədər təxirə salındı. Yəqin ki, bir neçə post sovet ölkənin xahişinə görə baş verib”- deyən mer vurğulayıb ki, etnik cinayətkarlıq şəhərin ən böyük problemlərindən biridir. “Bu problemlərin sistemli həlli olmalıdı. Məsələn, biz şəhərdə 120 min videokamera quraşdırmışıq. Biz şəhəri London və Parisdəki həmkarlarımızdan daha yaxşı görə biləcəyik”.
V. İsmayılov