Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb.
TQDK-dan Modern.az-a verilən məlumata görə, 2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb.
İmtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.
Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Qəbul aparılan ixtisaslaşmaların siyahısı "Magistr" xüsusi buraxılışının 2013-cü il 4-cü sayında təqdim olunub.
Həmin jurnalı TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya elektron versiyasını (pdf)www.abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı sistemi” vasitəsi ilə yükləmək mümkündür.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılmışdır. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.
Modern.az