1214 nəfər məzun adını qazandı
Azərbacyan Tibb Universitetində məzun günü keçirilib. Universitetin məzunlarının aparıcılığı ilə keçirilən tədbirdə təhsilini bitirən gəncləri ilk olaraq ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov təbrik edib. Əhliman Əmiraslanov mərasimə toplaşan qonaqlara Azərbaycan Tibb Universitetinin tarixi, fəaliyyəti haqqında məlumat verib. Rektor son illərdə universitetdə aparılan yeniliklər, tikilmiş klinikalar haqqında danışaraq gözlənilən yeniliklər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Rektorun çıxışından sonra bu il universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim olunub. ATU-nun elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru İbrahim İsayev, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev əlaçılara diplomları təqdim ediblər. Sonra ənənəyə uyğun olaraq məzunlar arasında prezident təqaüdçüsü olan gənc birinci kursdakı davamçısına həkim libasını təqdim edib.
Sonda məzunlar rektor Ə.Əmiraslanovla birlikdə xatirə şəkli çəkdiriblər. 2012-2013-cü tədris ilində ATU-nu 1214 məzunu olub. Bunlardan 49-u hərbi həkim, 47 nəfəri hərbi feldşerliyi bitirib. Təhsil pillələrinə gəlincə, məzunlar arasında 1157 bakalavr (ali tibb təhsili), 10 magistr var. Məzunların 76 nəfəri fərqlənmə diplomuna layiq görülüb. ATU-nu müvəffəqiyyətlə bitirənlər arasında 7 xarici ölkədən 176 tələbə olub.
Məzun günündə dosent Nəsimi Qasımov, psixologiya kafedrasının müdiri prof. Gəray Gəraybəyli, mama ginekologiya kafedrasının müdiri Elmira Əliyeva çıxış edərək tələbələri təbrik edıblər.
Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Nəsimi rayon YAP-ın sədri Məlahət İbrahimqızı, səhiyyə nazirinin müavini Elsevər Ağayev iştirak ediblər.
Bundan əlavə bir sıra səfirliklərin nümayəndələri də ATU məzunlarının son toplantısına qatılıb. Həmin gün İordaniya səfiri Adal Mohammad Adaileh, İran səfirinin müavini Əli Namdar, Türkiyə səfirliyindən Durmuş Gökhan (təhsil üzrə müşavir), İraq səfirliyindən Casim Muhammad Ahmad (3-cü müavin), Fələstin səfirliyindən Valid Fayem (1-ci katib), Pakistan səfiri İkramullah Mehsud da məzun gününün iştirakçısı olublar.
Mərasimin bədii hissəsi Azərbaycan himninin ifası, hərbi tibb fakültəsinin tələbələrinin paradı ilə başlayıb. Tədbir tanınmış müğənnilər, incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.






Modern.az