Modern.az

Möcüzə gözləməyin sonu acınacaqlı məğlubiyyətlə bitir

Möcüzə gözləməyin sonu acınacaqlı məğlubiyyətlə bitir

Parlament

4 May 2023, 10:20

Azərbaycanla münasibətlərin normallaşması ilk növbədə Ermənistan və təbii ki, bütün bölgə üçün həyati əhəmiyyət kəsb edir. Ölkəmizin sülhü təşviq etməsinin əsasında da regionda davamlı  sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması, insanların firavan və azad yaşaması niyyəti dayanır. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüququn norma və prinsiplərinə, regiondakı reallıqlara, tarixi həqiqətə söykənməlidir. 


Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransdakı nitqlinə diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycanın davamlı sülhü yaxınlaşdırmaq cəhdlərinin səbəblərindən biri də, dövlətimizin başçısının yeni geosiyasi konfiqurasiya müstəvisindı bölgənin gələcəyi barədə aydın təsəvvürlərə, strateji baxış bucağına malik olmasıdır: “Cənab Prezidentin qeyd etdiyi kimi, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Lakin Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. O cümlədən bizim ölkəmiz üçün... Çünki biz də regionun ayrılmaz bir parçasıyıq və bölgədə baş verən istənilən proses nəticəsindən asılı olmayaraq, bütün tərəflərə öz təsirini göstərir. İndiki şəraitdə həm Azərbaycanın, həm də Ermənistan daxil olmaqla bütün bölgə dövlətlərinin öz imkanlarını və resurslarını sabitliyin və inkişafın təmin olunmasına yönəltmək, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək imkanları var. Müharibələr, qarşıdurmalar isə bu imkanları dövlətlərin potensialına uyğun olaraq azaldır,diqqəti əsas hədəflərdən, prioritetlərdən yayındırır. Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında qalması, daimi münaqişə vəziyyəti də bu həqiqəti təsdiqlədi. Şübhəsiz ki, əgər işğal və müharibələr olmasaydı, ölkəmiz indikindən dəfələrlə artıq bir inkişafa nail ola bilərdi və digər bölgə dövlətləri də regionundakı sabitlikdən öz potensiallarından səmərəli istifadə üçün faydalana bilərdilər”.

 

Deputat qeyd edib ki, işğal dövründə Ermənistanın danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuzadək ləngitmək məqsədilə istifadə etməyə cəhd göstərməsi nəticə etibarilə bu ölkənin bölgədəki bütün proseslərdən kənarda qalmağına səbəb olub: “Bütün bunlar və rəsmi İrəvanın ənənəvi manipulyasiyalarına davam etmək niyyəti Ermənistana cüzi etimad bəsləmək üçün də zəmin yaratmır. Cənab Prezidentin vurğuladığı kimi, onlar yenə hansısa möcüzə baş verəcəyini gözləyirlər. 30 il davam edən işğal və 44 günlük müharibənin nəticələri sübuta yetirdi ki, möcüzə gözləməyin sonu acınacaqlı məğlubiyyətlə, xəyal qırıqlığına uğramaqla bitir. Əgər tarixdən dərs alıb mövcud reallıqların yaratdığı yeni imkanlardan faydalanmasalar, bu, Ermənistanın bir dövlət olaraq, tarixə çevrilməsiylə nəticələnə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi