“Şirvan Milli Parkında yanğının davam etməsinə baxmayaraq, ceyranlar üçün heç bir təhlükə yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O, qeyd edib ki, yanğının davam etməsi ceyranlar üçün heç bir təhlükə yaratmır. “Ceyranlar yanğın olan ərazidən uzaqdadırlar. Amma əməkdaşlarımız yenə də çalışır ki, yanğın tez zamanda söndürülsün ki, oradakı heyvanlara zərər dəyməsin”.
Qeyd edək ki, bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. İlkin ehtimala görə yanğın yaxınlıqdan keçən “Salyan OİL” şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb.
Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.
Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar. Hazırda ETSN-nin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.
Aytən ƏLİYEVA