Modern.az

Bakı ilə İrəvan razılaşmasa, ABŞ “ağır artilleriya”nı işə salacaq 

Bakı ilə İrəvan razılaşmasa, ABŞ “ağır artilleriya”nı işə salacaq 

Parlament

4 May 2023, 13:16

Mayın 1-dən başlayaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqlar aparılır. Vaşinqtonda keçirilən görüşlərin sabah başa çatacağı, yekun müzakirələrdə ABŞ dövlət katibi Entoni Blinkenin də iştirak edəcəyi gözlənilir. 

 

Danışıqların detalları hələlik məlum deyil. Lakin ABŞ tərəfindən verilən mesajlarda müsbət nüanslar diqqət çəkir.

 

“Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasında əsas olacaq”, - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tviter hesabında yazıb.

 

Prezident İlham Əliyev ötən gün Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı Vaşinqton görüşünə də toxunub. Dövlət başçısı deyib: "Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər".

 

Bəs Vaşinqton görüşünün nəticəsi necə olacaq? Kritik danışıqlar nəyi dəyişəcək?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Rasim Musabəyov ermənilərin oyunbazlıqla məşğul olduğunu deyib.

 

“Ənənəvi olaraq ermənilər oyunbazlıqla məşğuldurlar. Əlavə şərhlərlə yersiz gərginlik yaradırlar. Düşünürəm ki, Ermənistan öz iddialarından əl çəkməsə, biz sülh müqaviləsinin imzalanmasına nail ola bilmərik. Mən baş nazir Nikol Paşinyanın çıxışlarını izləyirəm. O, artıq deyə bilər ki, Qarabağ Ermənistan deyil. Son vaxtlar deyirlər ki, Paşinyanın nüfuzu xeyli azalıb. Amma sorğular göstərir ki, bu, belə deyil, ermənilər hələ də ona etimad göstərirlər. Ermənilər artıq başa düşürlər ki, Azərbaycandan torpaq qoparmaq mümkün olmayacaq. Düşmənçilik etməklə sadəcə Ermənistan itirəcək, biz heç nə itirməyəcəyik. 

 

Deputat Vaşinqtonda ciddi danışıqların aparıldığını vurğulayıb:

 

"Paşinyan vəziyyəti başa düşür. Onsuz da bilirdi ki, müharibədən sonra Ermənistanın Azərbaycanla hərbi sahədə toqquşmalar aparmaq üçün gücü yoxdur. Ümid bağlamışdı ki, Rusiyadan, İrandan, Fransadan və Amerikadan dəstək alacaq. Ancaq bütün hadisələr onun əksinə getdi. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya nəinki Ermənistanı dəstəkləmək, heç köməklik də edə bilmir. İndi Amerikada müzakirə olunan sülh müqaviləsi danışıqlarında Rusiya yoxdur. Onların istəyi budur ki, sülh müqaviləsi olmasın, olduğu halda da bir bənd üçtərəfli bəyanata əsaslansın. Əminəm ki, ABŞ-da müzakirə olunan sənəddə üçtərəfli bəyanata bir bənd də olsun istinad edilməyəcək. Bu da onları ağrıdır və Rusiya heç nə edə bilmir".

 

Parlamentari ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib:

 

"ABŞ Senatında beynəxalq münasibətlər komitəsinin sədri bildirir ki, Amerika Azərbaycana sanksiya, hərbi təzyiq etmir, əksinə əməkdaşlıq edir. Bu da Amerikanın maraqlarına cavab verir. Bundan artıq nə deməlidir? Bu gün Amerikada ermənipərəst adminstrasiya mövcuddur, amma reallıqlarla barışırlar. Amerikada müzakirə olunan sazişdə Azərbaycanın təklifi ilə terror və separatizm pislənməlidir

 

Mən əminəm ki, Amerika tərəfi görüşün nəticəsiz qalmasına icazə verməyəcək. Tam düyünlü olan mexanizimdə Amerikanın uğurlu diplomatiya həmlələri var. Bundan sonra Amerikanın "ağır artilleriyası" işə başlayacaq deyə bilərik. Blinken Azərbaycan Prezidentinə, Ermənistan Baş nazirinə zəng edəcək.

 

Ola bilsin ki, hansısa məqamlar razılaşdırılmadıqda onları adətən mötərizəyə götürürlər. Bundan sonra əsas sənəd hazırlana bilər. Amerika bir neçə diplomatik formalardan istifadə edəcək ki, görüş boş olmasın. Düşünün ki, Çin Səudiyyə Ərəbistanla İranı barışdırır. Amma ABŞ tərəfi Azərbaycan və Ermənistan rəsmilərini Vaşinqtona çağırıb məsələdə həll yolu tapmasa, bu, onun nüfuzuna xələl gətirə bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi