Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov bildirib ki ermənilər öz xislətlərinə sadiq qalaraq Azərbaycana saxta xəritələr təqdim ediblər:
“Ermənilər 30 il ərzində ərazilərimizi minalarla zəhərləyiblər. Bu gün də minaların təmizlənməsinə müəssər olunmayıb. 44 günlük müharibədən nə qədər vaxt keçib. Lakin istər mülki vətəndaşlarımız, istərsə də hərbçilərimiz minaya düşərək ya həyatlarını itirirlər, ya da əlil olurlar. Ermənistan müəyyən danışıqların nəticəsində bizə guya mina ərazilərinin xəritəsini verdi. Cənab Prezidentimiz də bunu bəyan etdi ki, bu xəritələr saxtadır. Erməni məkri, murdarlığı burada da özünü göstərdi. Bu günə qədər məsələnin daim gündəmdə saxlanmasına, ermənilərin qarşısına tələblər qoyulmasına baxmayaraq, minalanmış ərazilərin xəritələrini ermənilər vermirlər. Bu isə 30 il işğalda qalmış ərazilərin hər birinin vətəndaşlarımız üçün təhlükəli olduğunu göstərir. Məlum məsələdir ki, minaların təmizlənməsi həm xeyli zaman, həm də çoxlu xərc tələb edir”.
Deputatın fikrincə, Laçında qurulan sərhəd-buraxılış məntəqəsi bu istiqamətdə müəyyən qədər rol oynayacaq:
“İşğaldan azad olunmuş ərazilərə vətəndaşlarıın qaytarılmasının önündə ən böyük mane minalardır. Yəni təhlükəsizlik təmin olunmur. Rusiya vasitəçi, sülhməramlı missiya yeridən ölkə kimi bu məsələdə çıxış etdi. Ancaq məlum oldu ki, partlayan minaların istehsal tarixi 2021-ci ili göstərir. Ermənilər ərazilərimizin minalarla çirkləndirilməsini müharibə bitdikdən sonra da davam etdiriblər. Bunu da rusların nəzarəti altında olan ərazilərdə ediblər. Bunun qarşısını almaq üçün dövlətimiz müəyyən addımlar atır. Aprelin 23-də Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qoyulması belə tədbirlərdəndir. Məncə, bu, sözügedən problemin qarşısını almaq baxımından kömək olacaq. Ermənilər buradan daha silah-sursat keçirə bilməz. Özünü sülhməramlı adlandıran iki missiya var. Biri Rusiya sülhməramlı kontingenti, digəri isə Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Ən çox bunların maşınlarının gəliş-gedişi olur. Ermənilər onların da maşınlarından istifadə edə bilərlər. Bizim sərhəd-buraxılış məntəqəsində təkcə ermənilərin maşınları yox, həm də adını çəkdiyim qurumların nəqliyyatı da, özləri də mütləq yoxlanılmalıdır. Çünki 30 ildə görmüşük ki, bunların heç birinə inanıb, etibar etmək olmaz”.
E.Məmmədov qeyd edib ki, mina xəritələrinə görə beynəlxalq aləm Ermənistana təzyiq göstərməlidir:
“Müəyyən güc mərkəzləri, dövlətlər Azərbaycanın qurduğu keçid məntəqəsindən danşırlar. Bunlar ermənilərin mina terrorundan danışmırlar. Ermənilərin bizə qarşı törətdikləri soyqırımılarından söhbət açmırlar. Serbiya ilə Kosova arasında gedən danışıqlarda təxminən 2000 nəfərə qədər itkin düşmüş insan barədə məsələ qoyublar. Birinci Qarabağ müharibəsindən bu yana qədər 4000 nəfər azərbaycanlının bu günə qədər taleyi naməlumdur. Beynəlxalq qurumları isə bu maraqlandırmır. Görünür ki, bunlar ikili standartlarla işləyirlər. Ermənilərə bir gözlə, bizə tamam başqa gözlə baxırlar. Beynəlxalq aləm istəsə düzgün xəritələrin verilməsi üçün Ermənistana təzyiq göstərər. Beləliklə, işimiz daha da asanlaşar. Və bu problemin aradan qaldırılmasını sürətləndirər. Ermənilər bilirlər ki, mina basdırmaq və sülh bağlandıqdan sonra onların xəritəsini verməmək hərbi cinayətdir”.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov isə vurğulayıb ki, ermənilərdən "miras" qalan mina bəlasından yalnız maariflənmə ilə xilas ola bilərik:
"Keçmiş cəbhəyanı ərazidə yaşayan insanlar, infrastruktur layihələrinin icrasına cəlb olunmuş insanlar maarifləndirmə tədbirlərinə ciddi yanaşmalı və təlimlərə tabe olmalıdır. Öz məşğuliyyət ilə məşğul olmamalıdırlar. İnsanlarımız icazə verilməyən ərazilərə getməməlidirlər".
H.Səfixanov vacib məqamlardan birinin maarifləndirmə proqramları ilə bağlı olduğunu deyir:
“Klassik formada maarifləndirmədən artıq uzaqlaşmalıyıq. Belə proqramlar artıq 26 ildir ki, Azərbaycanda həyata keçirilir. Bu gün görürük ki, elə də ciddi effekt vermir. Ona görə də daha innovativ metodlar fikirləşib tapmalıyıq. Digər ölkələrin mütərəqqi metodlarını təqdim etməliyik. Bizim problemimiz böyükdür. Minatəmizləmə çox vaxt və vəsait tələb edən məsələdir. Biz təəssüf ki, hər həftə mina qurbanlarının xəbərini alırıq. Ona görə də, indiki vəziyyətdə bizim edəcəyimiz dövlət və cəmiyyət olaraq maarifləndirməkdir. İnsanlar şüurlandırılmalıdır.İnsanlar başa düşməlidir ki, bir nəfərin minaya düşməsi yalnız onun ölümü və ya şikəst qalması demək deyil. Ümumilikdə, cəmiyyətin və dövlətin problemidir”.