İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qarşıdurma yaranıb. Modern.az-ın məlumatına görə, ötən axşam doğum üçün xəstəxanaya yerləşdirilən rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Həkimlərə söyüş və nalayiq ifadələrlə basqın edən sakinləri sakitləşdirmək üçün əraziyə polis çağırılıb.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasından Modern.az-a məlumatı təsdiqləyiblər. Bildirilib ki, mərhumun doğuşunu aparan həkim onların yaxın qohumlarıdır.
“Mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Bu Allahın işidir. Biz də istəməzdik ki, belə hadisə olsun”, – deyə xəstəxanadan bildirilib.
Əldə etdiyimiz məlumata görə, mərhumun qohumları bu gün də xəstəxanaya gələrək həkimləri təhdid ediblər. Xəstəxananın baş həkimini təhqir edən rayon sakinləri ana və uşağın doğuşunu aparan həkimi polisə şikayət ediblər.
Narazı qəsəbə sakinləri həkimləri Ağabalayeva Şəhlanın ölüm xəbərinin onlardan gizlədildiyini bildiriblər. Bundan hiddətlənən qohumları deyiblər ki, polis bu işə baxmasa özləri həkimi cəzalandıracaqlar.
Xəstəxanın bir neçə qapı və pəncərəsi sındırılıb, cərrahiyə otağı alt-üst edilib.
Hazırda İsmayıllı rayon Mərkəzi Xəstəxanası polis nəzarətinə götürülüb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu və polis bölməsində araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.
Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.
Son məlumata Səhiyyə Nazirliyi doğum zamanı baş vermiş ölüm faktı araşdırılacağını bildirib.
Anar RÜSTƏMOV