Məşhur rusiyalı yazıçı, ictimai xadim Zaxar Prilepinin avtomobili partladılıb.
Modern.az xəbər verir ki, hadisə Nijni Novqorodda baş verib.
Rəsmi məlumata görə, yazıçının "Audi Q7" model avtomobilinin altına yerləşdirilən bomba işə düşüb. Partlayış zamanı avtomobilin sürücüsü ölüb, yazıçının özü isə ağır yaralanıb.
Onun xəstəxanaya aparıldığı bildirilib.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü hadisə ilə əlaqədar bir şübhəlinin həbs edildiyini açıqlayıb.
TASS agentliyi təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Moskva vilayətində bombanın hazırlandığı ehtimal edilən mənzil aşkarlanıb. İstintaq Komitəsi hadisəni terror aktı adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında hücuma görə ABŞ, Britaniya NATO və Ukraynanı ittiham edib. Ölkənin keçmiş prezidenti Dmitri Medvedyev Prilepinə qarşı törədilən hadisəni “nasist ekstremistlərinin alçaq hücumu” hesab edir.
Qeyd edək ki, Prilepin Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyən yazıçılardan biridir. O, əvvəllər Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın proksi qüvvələri üçün döyüşüb və oradakı hərbi hissəyə rəhbərlik edib.