“Hüseyn Abdullayev barəsində qaldırılan cinayət işinin istintaqı başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”. Bunu Modern.az saytına açıqlamasından Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov deyib. O, sabiq millət vəkili Hüseyn Abdullayevin axtarışa verilməsi rəsmən təsdiqləyib.
“Hüseyn Abdullayev dövlətlərarası və beynəlxalq axtarışa verilib. O, külli miqdarda vergidən yayınmaqda şübhəli bilinir. Bu barədə əlavə məlumat isə Hüseyn Abdullayev barəsində qaldırılan cinayət işinin istintaqı başa çatandan sonra veriləcək”.
Qeyd edək ki, iyunun 26-da hüquq-mühafizə orqanları sabiq deputat H.Abdullayevin axtarış elan edib. H.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin qeyd edək ki, barəsində cinayət işi açılan Hüseyn Abdullayevin adı İnterpol-un ”qara siyahı”sına salınıb.
Bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
H.Abdullayev bu yaxınlarda yazdığı “Susma!” adlı yeni marşla növbəti dəfə gündəmə gəldi. Bu mahnıya çəkilən klipdə insan hüquq və azadlıqlarının pozulmasına etiraz əks olunub. Qeyd edək ki, marşın klipində də müxalifətin son illər keçirdiyi aksiyalarındakı görüntülərdən istifadə olunub.
“Susma!” əsəri üzə çıxandan sonra H.Abdullayev özünə ailə üzvlərinə qarşı təzyiqlər başladığını bəyan etdi, qardaşı Azər Abdullayevin əsassız olaraq işdən çıxarıldığını bildirdi. Qeyd etdi ki, onun keçmiş biznes fəaliyyətini yoxlayıb, qondarma cinayət işi açmağa çalışırlar.
H.Abdullayevin hazırda xaricdə - Almaniyadadır. Dünən o belə bir açıqlama verib: “Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram. Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə biznes fəaliyyətim”.
Gültəkin ƏLƏSGƏR