Modern.az

İlham Əliyev təkcə ölkəsinin deyil, regionun lideridir – Pakistanlı ekspert

İlham Əliyev təkcə ölkəsinin deyil, regionun lideridir – Pakistanlı ekspert

7 May 2023, 12:38

“Şuşada “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfrans çərçivəsində Prezident İlham Əliyev ilə görüşümüz dostcasına keçdi. Qarşılıqlı söhbət əsnasında İlham Əliyevin yalnız öz ölkəsi üçün deyil, bölgə üçün dərin vizyonu olan lider olduğunu hiss etdik. O dünyanın gündəmi haqqında geniş biliklərə, məlumatlara malikdir. Bölgədə sülhün bərqərar olması üçün müsbət addımlar atmaq istəyir. İlham Əliyev həm də ekologiyanı qorumaq üçün atılan təşəbbüslərin dəstəklənməsinin tərəfdarıdır”.


Bunu Modern.az-a Azərbaycan-Pakistan Məzunlar Assosiasiyasının sədri, pakistanlı ekspert Qaiser Nevvab Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şuşada “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev ilə görüşü barədə danışarkən deyib.


Onun sözlərinə görə, İlham Əliyevlə görüş səmərəli keçib: “O, Pakistanı qardaş ölkə kimi görür və Pakistanın Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini xüsusilə qeyd edir. Prezident görüş zamanı gənclərə dəstəklə bağlı yüksək fikirlərdə olduğunu ifadə etdi və onların sosial, siyasi sahələrdə ölkə, millət üçün davamlı inkişafda önəmli rol oynadığını vurğuladı. Biz İlham Əliyevin tez-tez sosial mediada idmanla məşqul olduğunu əks etdirən görüntülərini görürük. Ona bu barədə danışanda gülümsəyərək “aktiv və enerji hiss etdiyiniz təqdirdə təzə fikirlər tapa və daha çox iş görə bilərsiniz” deyə cavab verdi. Hesab edirəm ki, bu sözlər gənc nəslə ünvanlanmış bir mesajdır.

 

Eyni zamanda mən Pakistanın müstəqilliyinin 75 illiyi ilə əlaqədar buraxılmış, üzərində Milli Qəhrəmanların təsviri olan 75 rupilik xüsusi xatirə əskinasını Prezident İlham Əliyevə təqdim etdim. O, bundan çox razı qaldı. İlham Əliyev Azərbaycanın və bütün regionun inkişafı üçün açıq vizyonu olan və böyük təcrübəyə malik bacarıqlı lider kimi tanınır. Onun Azərbaycan iqtisadiyyatını canlandırmaq, mədəni və dini tolerantlığı təbliğ etmək, ölkənin xarici siyasət prioritetlərini irəli aparmaq üçün göstərdiyi səylər yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin irsini layiqincə davam etdirən İlham Əliyev Azərbaycanı dünyada lider dövlət olaraq tanıtmağa davam edir”.

 

 

Ekspert, həmçinin Pakistan və Azərbaycanın əlaqələrinə də toxunub:

 

“Pakistan və Azərbaycan arasındakı əlaqələr tarixən güclü olmuşdur. Bu illər ərzində münasibətlərimiz daha da dərinləşərək inkişaf edib. Hazırda münasibətlərimiz yüksək səviyyədə davam edir. İki ölkə ortaq mədəni irs, iqtisadi əməkdaşlıq, müdafiə və regional məsələlərdə birgə çalışır. Son illərdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin artırılması istiqamətində xüsusi işlər aparılır. Pakistan və Azərbaycan enerji, kənd təsərrüfatı, turizm kimi sahələrdə yüksələn xətt üzrə əməkdaşlıq imkanlarını artırmaqdadır. Həmçinin, iki ölkə arasında yüksək səviyyəli keçirilən səfərlər nəticəsində Pakistan və Azərbaycan liderləri ikili münasibətləri və daha geniş əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşüblər. Ümumiyyətlə, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı müsbətdir və hər iki ölkə qarşılıqlı əlaqələrin faydalarını artıraraq münasibətləri gücləndirməyə çalışır”.

 

Qeyd edək ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj