Modern.az

Repetitorluğu qadağan etmək mümkün deyil - Professor

Repetitorluğu qadağan etmək mümkün deyil - Professor

Parlament

7 May 2023, 17:26

Azərbaycanda repetitorluğu inzibati yollarla qadağan etmək mümkün deyil.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

 

Repetitorların fəaliyyətinin qanunla qadağan olunması barədə təkliflərə münasibət bildirən professor fərqli mövqedə olduğunu söyləyib:

 

“Dünyanın demək olar ki, əksər ölkələrində şagirdlərin dərsdən kənar müəllim yanına getməsi, hazırlaşması qaydası var. Adətən valideynlər övladlarının hər hansı bir bacarığının üstünlüyünü gördükdə məhz həmin istiqamətdə daha da inkişaf etməsi üçün onları müəllim yanına göndərirlər. Bu, təhsilin keyfiyyətinin hansı səviyyədə olması ilə bağlı deyil. Amma bəzi ölkələrdə məktəb təhsili ilə yanaşı, kurslar da fəaliyyət göstərir. Nəticədə az qala paralel təhsil yaranır. Buna dair bir çox nümunələri qeyd etmək olar".

 

 

"Bizdə valideynlər övladlarını repetitor yanına qoyurlar ki, onlar ali məktəblərə qəbul ola bilsinlər. Belə vəziyyətin bir sıra səbəbləri var. Lakin bu hal hər şeydən əvvəl məktəbdə təhsilin keyfiyyəti barədə bir sıra suallar doğurur. Ümumiyyətlə repetitorluğu inzibati yollarla qadağan etmək mümkün deyil. Azərbaycan azad ölkədir. Valideynlər övladlarını istədikləri repetitorun yanına göndərməkdə sərbəstdir. Əlbəttə, məsələnin radikal yollarla həlli çox çətindir. Əgər biz təhsilimizdə keyfiyyəti artırsaq, o zaman repetitorlara maraq indiki səviyyədə olmaz”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin bəzi deputatları dəfələrlə mətbuat vasitəsilə repetitorluğun qadağan olunması ilə bağlı təkliflər irəli sürüblər. Onlar hesab edirlər ki, təhsilin inkişafı üçün repetitorların fəaliyyətinə son qoyulmalıdır.

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi