AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun sabiq direktoru, professor, Milli Şuranın üzvü Əli Abbasov Almaniyada erməni və gürcülərlə görüşüb. Modern.az-ın məlumatına görə, iyunun 27-də Berlində baş tutan görüş “Təkəli prosesi”nin təqdimatı kimi qələmə verilib. Adını Gürcüstanın Marneuli rayonundakı Təkəli kəndindən götürmüş “xalq diplomatiyası”nın təmsilçiləri Cənubi Qafqazdakı gerçəklikləri alman həmkarlarına çatdırıblar.
Görüş çərçivəsində Ə. Abbasovla Ermənistanın tanınmış ictimai xadimi Georgi Vanyanın çıxışları olub.
Ə. Abbasov Vanyanın Gürcüstanın Təkəli kəndində Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirdiyi görüşləri müsbət qiymətləndirib. Milli Şura üzvü hesab edir ki, “Təkəli prosesi” Azərbaycan və erməni xalqlarını barışdıracaq başlanğıc nöqtəsi ola bilər. “Bu proses çərçivəsində görüşlər müntəzəm keçirilməlidir”, – deyə azərbaycanlı professor bildirib.
Görüşdə Azərbaycan, Ermənistan və Gürcüstan təmsilçilərinin iştirakı ilə rok-konsertin keçiriləcəyi bildirilib.
Almaniya səfəri zamanı Əli Abbasov və Georgi Vanyan Bundestaqda alman deputatlarla görüşlər keçiriblər.
Xatırladaq ki, Azərbaycan və erməni nümayəndələri arasında may ayında Təkəlidə görüş keçirilmişdi. Görüşdə Azərbaycanın tanınmış elm xadimi, filosof Niyazi Mehdi iştirak edərək erməni təmsilçilərlə görüşmüşdü.
Anar RÜSTƏMOV