Mayın 3-də Azərbaycan Mərkəzi Bankının qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.
Uçot dərəcələrinin artırılmasından sonra bəzi ekspertlər ölkədə iqtisadi aktivliyin zəifləyə biləcəyini, qərarın inflyasiyaya təsir edəcəyini düşünür. Mərkəzi Bankın sədri Taleh Kazımov isə Azərbaycanda uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri olmadığını deyib.
Bankın yaydığı rəsmi məlumatda bildirilir ki, mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Mərkəzi Bank 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağını proqnozlaşdırır.
Qeyd edək ki, elə həmin gün, yəni mayın 3-də ABŞ Federal Ehtiyatlar Sistemi (FED) də uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5,25%-ə qaldırıb. Bildirilib ki, bu, 2006-cı ildən bəri ən yüksək göstəricidir.
Nəzəri olaraq, uçot dərəcələrinin artırılması inflyasiyanın azalmasına səbəb ola bilər. Mərkəzi banklar inflyasiyanın yüksəlməsindən narahat olduqda adətən faiz dərəcələrini artırırlar. Bununla belə, uçot dərəcələrinin artırılması iqtisadiyyata mənfi təsirlər də göstərə bilər, məsələn, iş yerlərinin artımını yavaşlada və biznesin borc götürməsini və investisiya qoymasını çətinləşdirə bilər.
Uçot dərəcəsinin artırılmasında məqsəd nədir, bu qərar inflyasiyaya necə təsir edəcək?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov vurğulayıb ki, uçot dərəcəsinin artırılması iqtisadiyyatın inkişafına töhfə verəcək:
“İnflyasiyanın planlaşdırılmış həddi aşılmayacaq. Ümumilikdə götürdükdə, humanitar siyasət düşünülmüş şəkildə həyata keçirilir. Bunun nəticəsində manatın dönərliliyi, möhkəmliyi qorunub saxlanılır. Digər yandan məlumdur ki, Amerika Birləşmiş Ştatlarında da uçot dərəcəsi qaldırılıb".
Deputat vurğulayıb ki, uçot dərəcəsinin qaldırılması humanitar sahədə aparılan siyasətin tərkib hissəsidir.
"Digər yandan dollara olan tələbat artır. Eləcə də, digər proseslərin qabaqlayıcı tədbiri olaraq uçot dərəcəsi qaldırılıb. Bu əvvəlcədən proqnozlaşdırılmış siyasətdir ki, iqtisadiyyatın inkişafına töhfə verəcək”, - Aydın Hüseynov bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, dünyanın aparıcı bankları uçot dərəcələrini artırmaqla çox pislə pis arasında seçim edirlər:
“Amerika Federal Ehtiyatlar Bankı, Avropa Bankı və dünyanın bir sıra aparıcı bankları bu istiqamətdə qərarlar verirlər. Faizləri artırmaqla inflyasiyanı cilovlamaq istəyirlər. Bu isə iqtisadi aktivliyə ziyan vurur. Yəni obrazlı desək, çox pislə pis arasında seçim edilir. Çox pis inflyasiyadır. Çünki insanları kasıblaşdırır. Pis isə iqtisadi aktivliklə bağlıdır. Məcburiyyətdən doğan qərarlardır. Doğrudan da, faiz dərəcələrinin artırılması hər nə qədər iqtisadi aktivliyi aşağı salıb, ressesiya təhlükəsi yaratsa da, inflyasiyanı müəyyən dərəcədə cilovlamağa töhfə verir”.
Ekspertin fikrincə, Azərbaycan Mərkəzi Bankının qərarı ilə inflyasiyanın heç bir əlaqəsi yoxdur:
"Azərbaycan Mərkəzi Bankının faiz qərarları isə inflyasiyaya heç bir təsir göstərmir. Bizdə belə bir bağlantı yoxdur. Mərkəzi bankın uçot dərəcəsi ilə inflyasiyanın bağlı olmamasını Azərbaycan tarixi sübut edir. Zamanında uçot dərəcəsi 3 faizdən biraz yuxarı, 3,5 faiz olub. Lakin buna baxmayaraq, yenə yüksək inflyasiya olub. Devalvasiyadan sonra bu göstərici 15 faiz olanda da yenə inflyasiya yüksək göstəricidə olub. Mərkəzi Bank dünyadakı proseslərə paralel addımlar atmaqda israrlıdır. Bizdə Mərkəzi Bankın qərarının yeganə təsir etdiyi təsir kredit faizləridir. Son zamanlar ipoteka və istehsal kreditlərinin faizləri bahalaşıb”.
Natiq Cəfərli inflyasiyanın artım tempinin aşağı düşəcəyini deyir: “Azərbaycanda inflyasiya göstəriciləri onsuz da yüksək səviyyədədir. Göstəricinin daim yüksək səviyyədə qalması mümkün deyil. Hətta Mərkəzi Bank heç bir qərar verməsəydi belə insanların alıcılıq qabiliyyətini nəzərə alsaq, daim inflyasiyanın artması mümkün deyil. Ona görə də düşünürəm ki, inflyasiyanın ikirəqəmli həddə olması davam etsə də, artımın sürəti azalacaq. Burada mövsümi dəyişikliyin də təsirləri var. Bizdə həmişə yay aylarında inflyasiya səngiyir. Buna səbəb yerli məhsulların bazara çıxmasıdır”.
İqtisadçı ekspert Eldəniz Əmirov uçot dərəcəsinin artırılmasının əvvəlcədən məlum olduğunu diqqətə çatdırıb:
"Xarici ekspertlər Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı sərt yanaşmasında fasilənin olacağı ilə bağlı proqnoz verəndə onların yanıldığını, AMB-nin uçot dərəcəsini yenidən qaldıracağını düşünürdüm. Belə də oldu. AMB uçot dərəcəsini 10%-ə çatdırdı. Ona görə ki, Mərkəzi Bank ilin əvvəlində və eləcə də 1-ci rübün sonunda 2023-cü ildə Azərbaycanda inflyasiyanı 8% proqnozlaşdırdığını bəyan edib. Nəzərə alsaq ki, inflyasiyanın azalması o qədər yavaş gedir ki, 8%-lik nəticə almaq, asan deyil. Buna görə də AMB öz verdiyi proqnozu sonda reallığa çevirmək istəyirsə, davamlı sərt monetar siyasət onun ata biləcəyi ən effektiv addımdır. Əks halda nəinki 8%, heç 9-9,5% belə sual altında olar”.
Ekspertin fikrincə, monetar siyasətinin hazırkı xətti (sərt yanaşma) il sonuna qədər davam edərsə, o zaman inflyasiya təkrəqəmli həddə enə bilər:
“Amma nə qədər pozitiv yanaşsam da, yenə də bu tək rəqəmin "8" olmasına inana bilmirəm. Orada bir vergülün olacağına və vergülün solunda isə 9 olacağına daha çox inanıram”.